Azərbaycan səfiri Nizaminin “Yeddi gözəl”indən Çin gözəlinin hekayəsini danışıb
Çinin “Voice of Diplomacy” internet televiziyasında Azərbaycan ilə Çin arasında mədəni sahədə əməkdaşlıq, Azərbaycan poeziyasının görkəmli nümayəndələri olan Nizami Gəncəvi və İmadəddin Nəsimi barədə veriliş yayımlanıb.
Verilişin konsepsiyasına uyğun olaraq ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı müsahibəsində Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında Çin gözəlinin nəql etdiyi “Xeyir və Şər” mənzum hekayəsindən bir parçanı Azərbaycan dilində səsləndirib, bu fəlsəfi şeir nümunəsində Azərbaycan və Çinin qədim “İpək Yolu” vasitəsilə əlaqələrindən bəhs edib, dahi Nizaminin yaradıcılığına nəzər salıb. Səfir Azərbaycanın mütəfəkkir şairinin ədəbi irsinin bütün dünyada öyrənildiyini və onun xatirəsinə müxtəlif şəhərlərdə, o cümlədən Çinin paytaxtı Pekində abidə ucaldıldığını diqqətə çatdırıb.
Azərbaycan musiqilərinin səsləndirildiyi, ölkəmizin turizm potensialına dair “Azərbaycanın ruhu” videoçarxından hissələrin nümayiş etdirildiyi verilişdə səfir mütəfəkkir şairimiz İmadəddin Nəsiminin yaradıcılığına da nəzər salıb. Diplomat ötən il Nəsiminin 650 illik yubileyinin geniş şəkildə qeyd edildiyini, bu münasibətlə Pekin Xarici Dillər Universitetində Azərbaycan dili və ədəbiyyatı sərgisinin keçirildiyini diqqətə çatdırıb, tamaşaçılara böyük şairin yaradıcılığı ilə tanış olmağı tövsiyə edib.
Azərbaycan incəsənət ustalarının Çində çıxışlarından da bəhs edən Əkrəm Zeynallı ölkəmizin Çində bir sıra humanitar layihələrdə, o cümlədən Xarici İşlər Nazirliyinin təşkil etdiyi beynəlxalq xeyriyyə yarmarkasında fəal iştirak etdiyini deyib.
Verilişdə Çin Yeni ili və Novruz bayramı arasında paralellər aparılıb, iki ölkənin adət-ənənələrindəki oxşarlıqlar barədə danışılıb. İki ölkə gənclərinin səfər mübadiləsi, təhsil sahəsində əməkdaşlıq, turizm əlaqələrinin inkişafı, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ticarət əməkdaşlığının genişləndirilməsi perspektivlərindən söz açılıb.