Romaya gələn dövlət başçısı həmin gün “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva abidənin önünə gül dəstələri qoyublar.
Abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən ucaldılıb. 2012-ci il aprelin 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə abidənin açılışı keçirilib. İtaliyada Azərbaycan mədəniyyəti günləri çərçivəsində Romada Nizaminin abidəsinin açılması iki ölkə arasında dostluq münasibətlərinə daha bir töhfə olub. Abidənin müəllifləri Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir.