Fevralın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında gənc ifaçıların “World harmony” III Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinin ikinci turu keçirilib.
Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və bir sıra ölkələrin (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) ifaçıları iştirak edir.
Müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik və milli), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil edilib.
Üç turdan ibarət olan müsabiqəyə fevralın 24-də yekun vurulacaq. Bağlanış mərasimində qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Müsabiqə “Harmoniya” Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşır.