Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür: dekabrın 21-dən yanvarın 30-dək Böyük çillə (40 gün), yanvarın 31-dən fevralın 19-dək Kiçik çillə (20 gün), fevralın 20-dən martın 20-dək isə Boz aydır.
Qədimlərdən bu yana ulularımız sərt qışda yaz ümidi ilə yaşayar, Yeni günün – Novruzun gəlişini səbirsizliklə gözləyərdilər. Novruzun havasını isə Boz ay gətirərdi. Gah bozarardı, gah qızarardı. Amma Boz ayın dəymədüşərliyi heç kimin xətrinə dəyməzdi.
Budur, Böyük çillənin ardınca Kiçik çillə geridə qaldı. Boz ayın ilk günlərini yaşayırıq. Novruzun müjdəsi olan dörd ilaxır çərşənbə də bu aya daxildir.
İnanclara görə, Novruz öncəsi dörd ilaxır çərşənbə özlüyündə dünyanın yaranmasını ehtiva edir.
Su, Od, Yel və Torpaq təbiətin oyanması, yenidən dirilməsi anlamını verir. Bu çərşənbələr həm də insanın dörd ünsürdən yaradılması haqqında dini-mistik görüşləri də özündə simvollaşdırır.
Üzümüzə gələn həftə ilaxır çərşənbələrdən birincisini – Su çərşənbəsini qeyd edəcəyik. Bütün mifik qaynaqlarda su həyat, dirilik, sağlamlıq və xoşbəxtlik mənbəyi sayılır. Su çərşənbəsi xalq arasında həm də “əzəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə”, “sular Novruzu” adlandırılır. Azərbaycan folklorunda su əzəli, əbədi həyat, ölümsüzlük, dirilik rəmzi kimi geniş yer tutur. Xalqımızın inamında suyun rəmzləşməsi onun əcdad sayılması, and yeri olması ilə də sıx bağlıdır.
Su çərşənbəsinə sayılı günlər, Novruza isə dörd həftə qalıb...