Mədəniyyət naziri Əbülfəs Qarayev Koventri Universitetində mühazirə ilə çıxış edib
Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyaya səfəri çərçivəsində Koventri Universitetində “Yaradıcı sənayelər: imkanlar və çağırışlar” mövzusunda mühazirə ilə çıxış edib.
Əbülfəs Qarayevi universitetin tələbələrinə təqdim edən Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin rəhbəri, professor Mayk Hardi ilk öncə Azərbaycan tərəfindən həyata keçirilən “Bakı Prosesi” təşəbbüsü, iki ildən bir təşkil olunan Dünya Mədəniyyətlərarası Dialoq Forumu və qlobal müxtəlifliyin idarəolunması proseslərində ölkəmizin rolu barədə tələbələrə məlumat verib.
Qeyd edilib ki, hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən bir sıra istiqamətlərdə uğurlu işlər həyata keçirilir ki, onlardan ən mühüm istiqamət ölkədə yaradıcı sənayelərin inkişafı ilə bağlı mövcud məsələlərin həlli və strategiyaların formalaşdırılmasıdır. M.Hardi diqqətə çatdırıb ki, Koventri Universitetinin fəxri doktoru və ziyarətçi professoru olan Əbülfəs Qarayev bu xüsusda fikirlərini bölüşmək məqsədilə bu təhsil ocağına gəlib.
Sonra Əbülfəs Qarayev Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən çoxsaylı layihələr və bu istiqamətdə yeni bir çağırış olan yaradıcı iqtisadiyyatın formalaşdırılması ilə bağlı tələbələr qarşısında mühazirə ilə çıxış edib. Nazir qeyd edib ki, Azərbaycan hazırda dünyanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. Dünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin baş katibi tərəfindən beynəlxalq müstəvidə ən vacib qlobal platforma elan edilib.
Nazir bildirib ki, son 20 ildə Böyük Britaniyada da xüsusilə inkişaf edən mədəniyyət, texnologiya və iqtisadiyyatın uzlaşmasından ibarət yeni sənaye növü olan yaradıcı sənayelər ölkələrin iqtisadiyyatında mühüm rol oynayır. Hazırda dünyada vacib istiqamətlərdən biri olan bu sənayenin ən inkişaf etmiş regionları Cənub-Şərqi Asiya, Avropa və Amerikadır. Azərbaycanda da bu istiqamətdə layihələrin həyata keçirilməsinə başlanıb.
Əbülfəs Qarayev “Kreativ Azərbaycan” portalının təsis edildiyini və yaradıcı sənaye sahəsində fəaliyyət göstərən şirkət və fərdlərin bu portal vasitəsilə Mədəniyyət Nazirliyi ilə əlaqə yaratdığını bildirib. Yaxın zamanda “Kreativ Azərbaycan Könüllülər Hərəkatı”nın da təsis ediləcəyi və Mədəniyyət Nazirliyi tərəfindən yaradıcı sənayelərin inkişafına dair proqramın hazırlanması istiqamətində iş aparıldığı vurğulanıb. Qeyd edilib ki, bu istiqamətdə Britaniya Şurası (British Council) və Britaniyanın digər aidiyyəti təşkilatları ilə əməkdaşlıq edilir.
Mühazirədən sonra tələbələrin sualları cavablandırılıb.
Həmin gün Əbülfəs Qarayev Böyük Britaniyanın yaradıcı sənayelərin inkişafında xüsusi töhfəsi olan “Yaradıcı İngiltərə” (Creative England) təşkilatının rəhbəri, eyni zamanda Yaradıcı Sənayelər Federasiyasının rəhbərliyində təmsil olunan Karolin Norburi (Caroline Norbury) ilə görüşüb.
“Yaradıcı İngiltərə” ölkədə sənaye sahələri ilə biznes qurmaq istəyən, həmçinin investisiya qoyan və investisiya axtarışında olan insanlar arasında körpü rolunu oynayır. Təşkilatın əsas funksiyalarından biri yaradıcı sənayelərin inkişafında dövlətə dəstək olmaqdır. Təşkilatın həyata keçirdiyi layihələr gələcək iqtisadiyyatın ən mühüm istiqamətləri hesab olunur.
“Yaradıcı İngiltərə”nin rəhbəri təşkilat barədə ətraflı məlumat verib və öz təcrübələrini Azərbaycanla bölüşməyə hazır olduqlarını bildirib. O, hazırda təşkilat tərəfindən yaradıcı sənaye sahəsinin problemlərinin araşdırıldığını və dövlət qurumları qarşısında qaldırıldığını qeyd edib. K.Norburi dövlət və özəl sektor nümayəndələrinin Yaradıcı Sənayelər Federasiyasında təmsil olunduğunu, “Yaradıcı İngiltərə” təşkilatının da federasiyada yer aldığını, yaradıcı sənayenin problemlərinin bu qurum vasitəsilə dövlət qarşısında qaldırıldığını diqqətə çatdırıb.
Nazir Əbülfəs Qarayev bildirib ki, yaradıcı sənayedə mövcud olan problemlərin araşdırılması və biznes strukturları ilə əlaqələrin yaradılmasına dəstək məqsədilə Azərbaycanda Kreativ Biznes Mərkəzinin açılması nəzərdə tutulub. O, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərkibində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradıldığını qeyd edərək bildirib ki, agentlik yaradıcı sənayenin inkişafına öz töhfəsini verəcək.
Görüşün sonunda “Yaradıcı İngiltərə” və Britaniya Şurasının nümayəndələrinin Azərbaycana səfər etməsi və əməkdaşlığın istiqamətlərini müəyyən edəcək “yol xəritəsi”nin hazırlanması barədə razılıq əldə olunub.