Məlum olduğu kimi, 2020-ci ildə keçiriləcək növbəti Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda Azərbaycan “Fəxri qonaq ölkə” statusunda təmsil olunacaq.
Fevralın 19-da Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva Sankt-Peterburqda Rusiya Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüş keçiriblər.
Görüş zamanı Sankt-Peterburq Mədəniyyət Forumunda “Fəxri qonaq ölkə” qismində iştirakla bağlı silsilə tədbirlərin keçirilməsi müzakirə olunub.
Həmçinin Dövlət Ermitajında qorunub saxlanılan Azərbaycan mədəniyyət nümunələri ilə, restavrasiya mərkəzindəki eksponatlarla tanışlıq olub və ölkəmizə ayrılacaq zallar müəyyən edilib.
Qeyd edək ki, forum çərçivəsində Dövlət Ermitajında ölkəmizin mədəniyyətinin təbliğ edilməsi məqsədilə burada saxlanılan Azərbaycan mədəniyyət nümunələrindən ibarət daimi ekspozisiyanın təşkili planlaşdırılır.