Azərbaycan Respublikası Nazirlər Kabineti Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında qərar imzalayıb.
Dövlət Xidmətindən bildirilib ki, qərara əsasən, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü” təsdiq edilib. Dövlət Xidmətinin regional idarələrinin işçilərinin say həddi 215 ştat vahidi, o cümlədən regional idarələrin aparatı üzrə cəmi 20 ştat vahidi, abidə mühafizəçiləri üzrə 195 ştat vahidi müəyyən edilib.
Qərara əsasən, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin beş – Bakı, Şabran, Qəbələ, Gəncə və Salyan regional idarələri yaradılıb. Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü aşağıdakı kimidir:
Bakı Regional İdarəsi (Bakı və ətraf qəsəbələri, Abşeron);
Şabran Regional İdarəsi (Şabran, Sumqayıt, Qobustan, Xızı, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qubadlı, Şuşa, Xankəndi, Zəngilan);
Qəbələ Regional İdarəsi (Qəbələ, Şamaxı, Ağsu, İsmayıllı, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Göyçay, Ucar, Zərdab, Ağdaş, Mingəçevir);
Gəncə Regional İdarəsi (Gəncə, Naftalan, Samux, Goranboy, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, Göygöl, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Xocalı, Laçın, Ağdam);
Salyan Regional İdarəsi (Salyan, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Cəbrayıl, Xocavənd, Füzuli).
Qərara əsasən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin 2020-ci ildə saxlanılması xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölməsində müvafiq olaraq nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.