Tokio Olimpiadası üçün hazırlanıb
Tokioda “İmegine One World – Kimono Project” layihəsi çərçivəsində Azərbaycan kimonosunun təqdimatı keçirilib.
Ölkəmizin Yaponiyadakı səfirliyində təşkil edilən tədbirdə “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarına qatılacaq ölkələrin kimonosunu hazırlayan “İmegine One World – Kimono Project” layihəsinin təmsilçiləri, NHK World telekanalının nümayəndələri, diasporumuzun üzvləri iştirak ediblər.
İyulun 24-dən avqustun 9-dək Yaponiyada keçirilməsi gözlənilən Tokio Olimpiadası ilə bağlı hər bir iştirakçı ölkənin milli üslubda kimonosunun hazırlanması layihəsinə 2014-cü ildə start verilib. Azərbaycanın milli ornamentlərinin əks olunduğu kimononun hazırlanması ilə əlaqədar layihənin nümayəndələri bir neçə dəfə səfirliyimizdə bu barədə fikir mübadiləsi aparıblar. Həmin görüşlərdə verilən tövsiyələr əsasında Azərbaycana həsr olunan kimono hazırlanıb.
Layihənin əsas məqsədi yapon mədəniyyətinin ənənələrini dünyaya təqdim etmək və “Tokio 2020”yə qatılacaq ölkələri Yaponiyada tanıtmaqdır. Azərbaycan kimonosunun hazırlanması layihəsinin sponsoru Osaka şəhərində fəaliyyət göstərən “Sakai” daşımaçılıq şirkətidir.
Tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Fərid Talıbov bildirib ki, Azərbaycan kimonosu ölkəmizin müasir inkişafı və mədəni ənənələri nəzərə alınaraq hazırlanıb. Kimonoda bayrağımızın rəngləri, milli atributlar kimi tanınan nar və buta, Bakının rəmzinə çevrilmiş “Alov qüllələri” əksini tapıb. F.Talıbov kimonoda yer almış təsvirlər haqqında ətraflı məlumat verib və kimono layihəsinin üzvlərinə, xüsusən də layihənin dizayneri Yako Yurikoya minnətdarlığını bildirib.
Tanınmış kimono ustası Yako Yuriko da öz növbəsində layihənin reallaşmasında göstərilən köməyə görə səfirliyə və Yaponiyadakı Azərbaycan diasporunun nümayəndələrinə minnətdarlığını ifadə edib.
Azərbaycana həsr olunmuş kimononun təqdimatı barədə NHK World telekanalında xüsusi verilişin fevralın son günlərində nümayiş etdirilməsi nəzərdə tutulur.