Azərbaycan və İtaliya arasında əlaqələrin inkişafında Prezident İlham Əliyevin bilavasitə iradəsi və dəstəyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa iştirakı ilə həyata keçirilən çoxsaylı layihələr böyük rol oynayır. Ölkə rəhbərliyi tərəfindən irəli sürülən təşəbbüs və fəaliyyətlər dövlət orqanlarının da qarşı tərəflə münasibətlərinin qurulmasına öz töhfələrini verir.
Bu fikirləri Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.
Qeyd edib ki, Prezident İlham Əliyevin İtaliyaya bu günlərdə gerçəkləşən dövlət səfəri zamanı 2020-ci il bu ölkədə “Azərbaycan mədəniyyəti ili” elan olunub: “Azərbaycan mədəniyyəti ili” çərçivəsində çoxsaylı tədbirlər həyata keçiriləcək. Bu tədbirlərin planı Heydər Əliyev Fondu tərəfindən hazırlanıb. Azərbaycan mədəniyyətinin təbliği, musiqimizin təqdimatı, kino günləri və digər çoxsaylı tədbirlər reallaşdırılacaq. “Mədəniyyət ili”ndə keçiriləcək tədbirlərə Azərbaycanın Mədəniyyət Nazirliyi və digər müvafiq dövlət orqanları da lazımi dəstək göstərəcək”.
Vasif Eyvazzadə vurğulayıb ki, Azərbaycan-İtaliya mədəni əlaqələrinin hazırkı mərhələsini üç sənəd tənzimləyir. İki ölkə arasında 2002-ci ildə mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında saziş, 2014-cü ildə mədəni əməkdaşlığın inkişafına dair sənəd imzalanıb. 2020-ci il fevralın 20-də isə Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm naziri Dario Françeski tərəfindən yenilənmiş bir memorandum imzalanıb: “Bu sənədin əvvəlkilərdən fərqi ondan ibarətdir ki, burada daha çox konkret istiqamətlər və fəaliyyətlər öz əksini tapıb. Memorandum iki ölkə arasında qarşıdakı illərdə mədəniyyətin bir sıra istiqamətlərində əməkdaşlığı nəzərdə tutur. Burada ən vacib istiqamətlərdən biri mədəni irsin təşviq olunması, qorunması, saxlanılması, rəqəmsallaşdırılması və bərpasıdır. Digər istiqamət UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş tarix və mədəniyyət abidələrinin mövcud vəziyyətinin qorunması sahəsində fəaliyyətin təmin olunması, eyni zamanda İtaliya ekspertlərinin gələcək nominasiyaların verilməsində dəstəyinin əldə edilməsidir. Bundan əlavə, ölkəmizdə arxeoloji abidələrin birgə araşdırılması, qorunması da bu kontekstdə həyata keçiriləcək”.
Nazirliyin rəsmisi qeyd edib ki, memorandum Azərbaycanda kino sənətinin inkişafına da böyük töhfə olacaq: “Birgə film festivallarının keçirilməsi, Azərbaycanda İtaliya kinosu, İtaliyada Azərbaycan kinosu günlərinin keçirilməsi, kino istehsalı və onun təbliğində birgə fəaliyyət, kino irsinin qorunması, bərpası və istifadəsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi də bir istiqamətdir. Qarşılıqlı əlaqələr, həmçinin teatr sahəsinə də müsbət təsir göstərəcək”.
Azərbaycan-İtaliya münasibətlərinin qədim tarixə malik olduğunu vurğulayan şöbə müdiri deyib ki, iki ölkə arasında mədəni əlaqələrin formalaşmasında tarixi İpək Yolu da böyük rol oynayıb. “Azərbaycan-İtaliya əlaqələrinin kökü böyük tarixə və ənənələrə söykənir. Bu mənada biz Azərbaycan və İtaliya arasında mədəni əlaqələri maraqlardan daha çox, dəyərlərə söykənən münasibətlər kimi qiymətləndiririk. Çünki burada hər iki xalqın qarşılıqlı olaraq dəyərlərinə və irsinə münasibətinin mübadiləsindən söhbət gedir”, – deyə V.Eyvazzadə bildirib.
Qeyd olunub ki, son illər iki ölkə arasında mədəni əməkdaşlıq əlaqələrinin inkişafı sahəsində bir sıra tədbirlər təşkil edilib. Azərbaycan, İtaliya və Avropa İttifaqının birgə “Tvinninq” layihəsi həyata keçirilib: “İtaliyada keçirilən silsilə tədbirlərdə Azərbaycan uğurla təmsil olunur. Ölkəmiz hər il İtaliyanın Florensiya şəhərində Romualdo del Bianko Fondu tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkasında fəal iştirak edir. Bir tarixi faktı da diqqətə çatdırmaq istərdim. Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. O vaxt bu proses daha çox Avropa ölkələri və İslam dünyası arasında mədəni əlaqələrin, mədəniyyətlərarası dialoqun təşviqini nəzərdə tuturdu. “Bakı Prosesi”nin elan olunduğu konfransda moderatorlardan biri İtaliyanın İslam icmasının rəhbəri, Əl Vahid məscidinin imamı Yəhya Pallaviçini olub. Yəni Azərbaycan “Bakı Prosesi”nin əsasını qoyanda bu prosesə İtaliya xüsusi dəstək verib”.
V.Eyvazzadə vurğulayıb ki, 2012-ci ildə İtaliyada Azərbaycan mədəniyyəti günləri keçirilib və ölkəmiz İtaliya ictimaiyyətinə geniş tanıdılıb. İtaliyanın Florensiya şəhərində yerləşən Uffizi qalereyasında Şah İsmayıl Xətainin və onun oğlu Şah Təhmasibin portretləri saxlanılır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həmin əsərlər Bakıda Heydər Əliyev Mərkəzində sərgidə nümayiş olunub. Bundan əlavə, son illər İtaliyada Azərbaycana aid olan eksponatların öz adı ilə qeyd olunması da təmin edilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Roma katakombaları bərpa olunub. Bu da İtaliya tarixinə, xristian sivilizasiyasına Azərbaycanın böyük töhfəsi hesab edilir.
Şöbə müdiri, həmçinin Azərbaycanla İtaliya arasında iqtisadi sahədə, xüsusilə də neft-qaz sahəsi üzrə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu söyləyib. Deyib ki, bu istiqamətdə həyata keçirilən Azərbaycan qazının Avropaya nəqli üçün TAP (Trans-Adriatik Boru Kəməri) layihəsi xüsusi əhəmiyyət kəsb edir: “Bir neçə il öncə TAP layihəsi tamamlandıqdan sonra bu kəmərin keçdiyi ölkələr üzrə mədəniyyət marşrutu formalaşdırmaq təşəbbüsü ilə çıxış etmişdik. Bu ölkələrlə birgə mədəni tədbirlərin təşkili, görüşlərin, konfransların keçirilməsi nəzərdə tutulur. Bu mədəni marşrut reallaşdırıldıqdan sonra Azərbaycandan başlayıb İtaliyada başa çatan proses kimi əhatə oluna və bu ölkələr arasında çoxtərəfli formatda öz töhfəsini verə bilər”.
Qeyd edək ki, Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində imzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Sənəd çoxölçülü, çoxşaxəli, hərtərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün konkret istiqamətləri ehtiva edir.