Mədəniyyət naziri Edinburq Mədəniyyət Sammitinə dəvət edilib
Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 27-də Bakıda səfərdə olan Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baroness Emma Nikolson ilə görüşüb. Görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və Britaniya Şurasının (British Council) Azərbaycan nümayəndəliyinin direktoru Samr Şah iştirak edib.
Görüşdə Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələləri, həyata keçiriləcək layihə və proqramlar müzakirə edilib.
Nazir Əbülfəs Qarayev Böyük Britaniya səfərindən yenicə qayıtdığını qeyd edərək səfər zamanı keçirilən görüşlər və müzakirə edilən məsələlər barədə məlumat verib. Nazir həmçinin Britaniya Şurası ilə mövcud əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Xanım Nikolson İraqda yaşayan yerli əhalinin ənənəvi musiqilərinin nota köçürülməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstək verdiyi layihənin müvəffəqiyyətlə yekunlaşdığını qeyd edərək, bu dəstəyə görə təşəkkürünü bildirib.
Qeyd edib ki, Azərbaycan tərəfindən təqdim olunan materiallar artıq nəşr edilib və Birləşmiş Krallığın ali rəhbərliyi və yüksək səviyyəli rəsmilərinə təqdim edilib. O, həmçinin ölkəmizin zəngin musiqi mədəniyyətini yüksək qiymətləndirdiyini qeyd edib.
Emma Nikolson nazir Əbülfəs Qarayevi bu ilin avqust ayında keçiriləcək Edinburq Mədəniyyət Sammitinə dəvət edib.