Fevralın 26-da ABŞ Konqresində Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin dinləmə zalında Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Tədbirə Alabama ştatından konqresmen Robert Aderholt, Konqresdəki Azərbaycan üzrə İşçi qrupunun həmsədri Stiv Şəbot, Texas ştatını təmsil edən konqresmen Henri Kueyar, Arizona ştatının təmsilçisi Pol Qosar, Türkiyənin ABŞ-dakı səfirliyinin diplomatik və hərbi nümayəndəliyinin heyəti, bu ölkədəki Azərbaycan icmasının üzvləri və xüsusi qonaq qismində Azərbaycan əsilli ABŞ vətəndaşı, Cəbrayıl rayonundan köçkün düşmüş Nicat Əşrəfzadə qatılıb.
Hyuston-Bakı Assosiasiyasının və Azərbaycan evinin rəhbəri İradə Axundova tədbiri giriş sözü ilə açaraq Xocalı qətliamı barədə danışıb, bu faciənin Konqresdə geniş şəkildə anılmasının və dünya ictimaiyyətinin bu qırğın haqqında məlumatlı olmasının əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbir iştirakçılarına Xocalı faciəsinin tarixi barədə ətraflı məlumat verib, bunun azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayət olduğunu bildirib və Ermənistan hökumətinin münaqişənin həlli istiqamətində ciddi addımlar atmasının vacibliyini vurğulayıb.
Konqresmen Robert Aderholt çıxışında Xocalı faciəsinin və qətlə yetirilmiş yüzlərlə insanın xatirəsinin yad edilməsinin belə qətliamın bir daha baş verməməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Konqresmenlər Pol Qosar və Henri Kueyar da Xocalı şəhərində baş vermiş faciədə həyatını itirmiş insanların unudulmadığını qeyd ediblər. Onlar faciədə həyatını itirmiş insanların xatirəsini anaraq, azərbaycanlıların kədərinə şərik olduqlarını bildiriblər.
Daha sonra çıxış edən konqresmen Stiv Şəbot 28 il əvvəl sovet qoşunlarının köməyi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində qətliam törətdiyini, qadın, uşaq və yaşlılar da daxil olmaqla, 600-dən çox günahsız Xocalı sakininin qətlə yetirildiyini vurğulayıb. S.Şəbot bu acı faciənin 28-ci ildönümündə Azərbaycan ilə birgə olduğunu və qətlə yetirilmiş insanların xatirəsinin unudulmadığını diqqətə çatdırıb.
Hazırda ABŞ-da yaşayan Cəbrayıl rayonundan məcburi köçkün, 4 yaşında olarkən rayonun işğalı zamanı gözündən əlil olmuş Nicat Əşrəfzadə yaddaşındakı acı xatirələrini auditoriya ilə bölüşüb, işğal zamanı yaşadığı ağrılı-acılı, çətin günlərindən bəhs edib. Başına gələn müsibətləri çox çətinliklə və gərginliklə dilə gətirən Nicat Əşrəfzadənin nitqi qonaqları kövrəldib.
Tədbirin sonunda Xocalı qurbanlarının xatirəsinə ehsan verilib.