Üzeyir Hacıbəylinin ev-muzeyində Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə paytaxtın Yasamal rayonundakı N.Tusi adına gimnaziyanın müəllim və şagirdləri, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri iştirak ediblər.
Muzeyin şöbə müdiri Gülnarə Ələsgərova xalqımızın başına gələn faciələrin gənc nəslin yaddaşından silinməməsi üçün belə tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.
N.Tusi adına gimnaziyanın tarix müəllimi Vaqif Qazıyev Xocalı faciəsinin dəhşətlərindən söz açıb.
Şagirdlərdən Fatimə İsmayılova, Mətləbxan Əliyev, Nurəli Qasımlı, Esmira Mikayıllı və başqaları Azərbaycan şairlərinin vətənpərvər ruhlu şeirlərini söyləyiblər. Şuşa musiqi məktəbinin şagirdi Fəridə Temirova royalda Azərbaycanın himnini ifa edib.
Tədbirdən sonra iştirakçılar muzeyin ekspozisiya zalları ilə tanış olublar.
***
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində də Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Muzey əməkdaşları, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecinin tələbə və müəllimlərinin iştirak etdiyi tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramilə Xudayarova çıxış edib.
Hacı Zeynalabdin Tağıyev adına Mədəniyyət evinin dərnək üzvləri Xocalıya həsr olunmuş kompozisiya ilə çıxış ediblər.