Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Əsrin soyqırımı: Xocalı” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən universitetin rektoru İlham Mədətov Xocalı soyqırımının tarixə insanlıq əleyhinə cinayət kimi yazıldığını deyib, bu qırğının ermənilərin öz havadarlarının dəstəyi ilə xalqımıza qarşı XX yüzillikdə apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı olduğunu vurğulayıb.

Tədbir iştirakçıları Xocalı faciəsindən bəhs edən elmi-kütləvi və bədii əsərlərdən ibarət kitab sərgisi ilə tanış olublar.   

***

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında da Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Akademiyanın prorektoru, professor Yeganə Axundova, kafedra müdiri, professor Tərlan Quliyev çıxış edərək Xocalıda törədilən dəhşətlərdən danışıblar. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev Xocalı soyqırımının tarixindən, bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında birgə səylərin göstərilməsinin vacibliyindən bəhs edib.

Xocalı soyqırımı zamanı erməni əsriliyində 8 gün qalmış Dürdanə Ağayeva və faciənin canlı şahidi Samirə Hüseynova başlarına gətirilən müsibətlərdən danışıblar.

Sonra BMA-nın kafedra müdiri, Əməkdar incəsənət xadimi Aydın Əzimovun Xocalı soyqırımına ithaf olaraq Hüseyn Cavidin sözlərinə yazdığı “Əcəba” musiqili kompozisiyası nümayiş olunub.