İndoneziyanın “The Jakarta Post” qəzeti Azərbaycanda səfərdə olmuş müxbiri Viramala Ancayanın Bakı şəhərindən bəhs edən məqaləsini yayıb.
Fevralın 24-də dərc olunan “Gözəl Bakı – məhəbbət və əfsanələr şəhəri” adlı məqalədə müəllif indoneziyalı oxuculardan Avropa və Asiyanı birlikdə görmək, müxtəlif iqlim qurşaqlarında olmaq və özünəməxsus gözəlliklərə malik bir ölkəyə səfər etmək istəyirsinizmi deyə soruşur. Özü də cavabında bildirir ki, əgər bunu istəyirsinizsə, mütləq Azərbaycana səfər edin.
Yazıda qeyd edilir ki, Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan özündə Şərq və Qərb mədəniyyətini birləşdirir. Vurğulayır ki, Odlar Yurdu kimi tanınan Azərbaycan qədim atəşpərəstlərin vətəni olmaqla yanaşı, həm də dünyada mövcud olan 11 iqlim qurşağından doqquzuna malikdir.
İndoneziyalı jurnalist Bakının hazırda dünyanın populyar turizm istiqamətlərindən birinə çevrildiyini vurğulayır. O, məhəbbət dastanları və əfsanələrlə zəngin Bakının həm qədim, həm də müasir tikililəri ilə göz oxşadığına diqqət çəkir, burada UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı kimi tarixi abidələrin yerləşdiyini bildirir. Maraqlı möcüzələri ilə diqqəti cəlb edən bu diyarda Yanardağ kimi təbiət möcüzəsinin turistlər tərəfindən böyük maraqla qarşılandığı qeyd edilir.
Bildirilir ki, XX əsrin sonu – XXI əsrin əvvəllərində növbəti dəfə baş verən neft bumu Bakıda ultramüasir binaların sayının sürətlə artmasına səbəb olur. Həmin tikililər sırasında müasirliyi və möhtəşəmliyi ilə diqqəti cəlb edən “Alov qüllələri”, orijinal memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi kimi binalar xüsusi yer tutur.
Bakıya gedən turistləri öz əsrarəngiz tamı ilə heyran edən Azərbaycan mətbəxindən də bəhs edən müəllif milli yeməklərimizin özünəməxsusluğu ilə şöhrət qazandığını deyir. Jurnalist Bakıda bir çox məşhur filmlərin lentə alındığını da xatırladır. Eyni zamanda Azərbaycan paytaxtının mühüm beynəlxalq tədbirlərin, idman və musiqi yarışlarının keçirildiyi dünya miqyaslı mərkəzlərdən birinə çevrildiyini qeyd edir. Bildirir ki, bu il Bakıda futbol üzrə “Avro 2020”nin bir sıra oyunları da keçiriləcək.