Martın 2-də Milli Kitabxananın Treninq mərkəzində Sumqayıt, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa mərkəzi kitabxanalarının əməkdaşları üçün “Corel Draw”, “Photoshop”, “Pinnacle Studio”, “Movavi Video Suite” proqramlarının tədrisi məqsədilə treninqlər başlanıb. Treninq Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilir.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov treninqi açaraq, informasiya texnologiyalarının kitabxanalarda tətbiqinin vacibliyindən, kitabxanaların qarşısında duran vəzifələrdən, treninqdə tədris olunacaq proqramların kitabxana-informasiya xidmətinin təşkilində əhəmiyyətindən danışıb və mütəxəssislərə uğurlar arzulayıb.
Daha sonra kitabxananın trener müəllimləri mütəxəssislərə təqdim edilib.
Treninq iştirakçıları Milli Kitabxanada yeni iş üsulları və xidmət növləri ilə də əyani tanış olacaqlar. Treninqlər bir həftə davam edəcək.