Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına İncəsənət məktəbində SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş konsert keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Etibar Əliyev açaraq qeyd edib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Fikrət Əmirov Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. Onun simfonik muğam və muğam-poema janrlarında olan əsərləri Azərbaycanın özünəməxsus musiqi mədəniyyətinin mövcudluğundan xəbər verir. “Sevil” operası, “Min bir gecə” baleti, “Azərbaycan kapriççiosu”, “Gülüstan-Bayatı-Şiraz”, “Nəsimi əfsanəsi” kimi simfonik əsərləri sənətkara böyük şöhrət qazandırıb.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi tərəfindən bəstəkarın mahnıları ifa edilib. Sonda Fikrət Əmirovun həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.