Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası Ağaxan Əli oğlu Salmanlı 2020-ci il fevralın 29-da ömrünün 78-ci ilində vəfat etmişdir.
Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Bakıda anadan olmuşdur. Sənətdə ilk addımlarını Suraxanı qəsəbə fəhlə-gənclər dram dərnəyində atmış, 1964-cü ildə Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunu bitirmişdir. Həmin il oktyabrın 1-dən Gənc Tamaşaçılar Teatrında peşəkar səhnə fəaliyyətinə başlamışdır. İlk rolu Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında hazırlanan tamaşada Cəfər Cabbarlı obrazı olmuşdur.
Teatrda Romeo, Bekingem (“Romeo və Cülyetta”, “III Riçard” – V.Şekspir), Səməd (“Sən nə üçün yaşayırsan?” – İ.Qasımov, H.Seyidbəyli), Artur (“Ovod” – E.Voyniç), Hacı Murad (“Tamahkar” – S.S.Axundov), Kərbəlayı Mirzalı (“Danabaş kəndinin məktəbi” – C.Məmmədquluzadə), Flibert (“Məzəli hadisə” – K.Qoldoni), Milisioner Səfər (“Buzovna kəndinin əhvalatları” – Elçin), Dədə Qorqud (“Şahzadə Xəzərin nağılı” – K.Ağabalayev, N.Kazımov) və s. yaddaqalan obrazlar yaratmışdır. A.Salmanlı həmçinin “Dovşanın ad günü” (X.Əlibəyli), “Qarışqa şıllaq atdı” (Q.İlkin), “Pul dəlisi”, “Məhəbbət bir bəladır”, “Nənənin kələyi” (Ə.Orucoğlu), “O da mənəm, bu da” (D.Mehdi), “Bala bəla sözündəndir”, “Arvad olmaq istəmirəm” (Ə.Əmirli), “Məzəli hadisə” (K.Qoldoni), “Tıq-tıq xanım” (A.Şaiq) və s. tamaşalara quruluş vermişdir.
A.Salmanlı 1979-cu ildə respublikanın “Əməkdar artisti”, 2006-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. 2016-cı ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Ağaxan Salmanlı Azərbaycan teatr sənətinin əvəzolunmaz sənətkarlarından biri idi. Onun əziz xatirəsi tanıyanların və sevənlərin qəlbində qalacaqdır.
Allah rəhmət eləsin.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı