Novruz Azərbaycanda ən qədim xalq bayramıdır. Yaz gecə-gündüz bərabərliyini və Günəş təqvimi ilə yeni ilin gəlişini bildirən Bahar bayramının tarixi minilliklərin dərinliklərinə gedib çıxır. Əcdadlarımızın dünyanın yaradılması və dörd təbiət ünsürü (su, od, hava, torpaq) ilə bağlı qədim mifoloji təsəvvürləri də bunu sübut edir. Novruz öncəsi qeyd olunan dörd ilaxır çərşənbə də bununla bağlıdır.
Ölkəmizə təşrif buyuran əcnəbi qonaqları Azərbaycanın mədəniyyəti və incəsənəti, gəzməli-görməli yerləri, turistik məkanları, milli mətbəxi ilə tanış etməklə yanaşı, onlara xalqımızın qədim tarixi, irsi, adət-ənənələri barədə də dolğun məlumat vermək böyük önəm kəsb edir. Bu məramla nəşr olunan “Baku Guide” bələdçi kataloqunun yeni çapdan çıxan mart sayında da qeyd olunan mövzulara xüsusi yer ayrılıb. Nəşrdə Novruz haqqında təqdim edilən yazıda milli-mədəni irsimizin yaddaş boğçası olan bayramın ayinləri, Novruz süfrəsi, bayramın müxtəlif festival və el şənlikləri ilə qeyd olunması haqqında bəhs edilir.
“Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanaraq nəşr olunan bələdçi kataloqunun mart buraxılışı bu ayla bağlı tematik yazılar, eləcə də müxtəlif rubrikalar üzrə faydalı informasiyalarla zəngindir.
Nəşr ilk olaraq oxuculara ölkəmizin keçmişi və müasir inkişafı, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı bələdçilik edir. Müsəlman Şərqində ilk peşəkar teatrın, kinonun, operanın Azərbaycanda yarandığı diqqətə çatdırılır, ölkəmizin son illər mədəniyyətlərarası dialoqa töhfələrindən, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən söz açılır.
Kataloqda teatr, konsert və kino salonlarının aylıq afişaları bu dəfə bir bölmədə birləşdirilərək – “Repertuarlar” rubrikasında verilib. Bu, oxuculara ay ərzində paytaxtın incəsənət məkanlarında keçiriləcək tədbirlərlə daha rahat tanış olmaq imkanı yaradır. Ümumi afişadan savayı teatrların ayrı-ayrı tamaşaları, kino zallarında nümayiş olunan filmlər haqqında qısa təqdimat-tanıtma səciyyəli informasiyalar da verilib.
“Muzeylər” bölməsində Milli İncəsənət, Milli Xalça, Musiqi Mədəniyyəti, Dövlət Teatr və digər iri muzeylər, habelə görkəmli şəxsiyyətlərin ev-muzeyləri əhatə olunub. Martın 16-da doğum günü və bu il 80 illiyi qeyd ediləcək əfsanəvi cazmen, pianoçu və bəstəkar Vaqif Mustafazadənin memorial muzeyinə ayrıca yazı ilə ekskurs edilir, sənətkarın həyat və yaradıcılığından bəhs olunur.
Nəşrin “Görməli yerlər və tarixi abidələr” bölməsi isə oxucuları minilliklərin daş yaddaşı olan Qobustan qoruğuna, Atəşgah məbədinə, Yanardağa səyahətə, İçərişəhərin tarixi məkanlarını gəzməyə, şəhərin ultramüasir tikililərini, yeni simvollarını seyr etməyə dəvət edir. “Neft Bakısının Ağ şəhəri” yazısı şəhərin tarixinə, müxtəlif dövrlərin izi qalan şəhərsalma mədəniyyətinə ekskurs etməklə bərabər, bu gün dünyanın ən gözəgəlimli şəhər dizaynı layihələrindən olan “Bakı – Ağ şəhər”i diqqətə çatdırır.
Daha bir ekskurs yazısı Şərq və Qərb memarlığı elementlərinin sintez olunduğu Bakının memarlıq inciləri ilə bağlıdır. Yazıda şəhərimizdə XX əsrin birinci yarısında inşa edilmiş məşhur saray tipli binalar barədə məlumat verilir.
Bələdçi kataloqunun hər sayında ölkəmizin bəşəriyyətin mədəniyyət xəzinəsinə töhfələri, dünya əhəmiyyətli mədəni irs nümunələri barədə yazılar dərc edilir. “UNESCO siyahılarında Azərbaycan irsi” silsiləsində bu dəfə muğam sənətimizdən və Qarabağ atları üzərində çövkən oyunu ənənəsindən bəhs olunur. “Açıq səma altında muzey-şəhər” yazısı 2019-cu ildə tarixi mərkəzi və Xan sarayı UNESCO-nun Dünya irs siyahısına salınmış Şəki haqqındadır.
Nəşrdə paytaxtdakı qalereya və sərgi salonları, iri kitabxanalar haqqında məlumatlar da yer alıb, həmçinin əyləncə məkanlarının tədbirləri diqqətə çatdırılır. “Bakıda nə almaq olar?” yazısında isə turistlərə ölkəmizlə bağlı xatirə hədiyyəsi seçiminə dair tövsiyələr verilir.
Nəfis tərtibatlı nəşr hər sayında rəssamlarımızın əsərlərinə yer ayırmaqla oxuculara təsviri sənətimizlə də bağlı bələdçilik edir. Bu dəfə “Baku Guide”ın 1-ci səhifəsində rəssam Yaşar Əliyevin “Novruz” tablosu əks olunub.