İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) gənclərin ekstremizmdən qorunması üzrə öz fəaliyyətini genişləndirəcək proqram hazırlayıb. Bununla bağlı təşkilatın baş direktoru Salim Əl-Malik Mərakeş Krallığının Məhəmmədiyyə İlahiyyatçılar Liqasının baş katibi Əhməd Abbadi ilə əməkdaşlığa dair müqavilə imzalayıb.

Mərasimdə çıxış edən İSESCO-nun baş direktoru gənclərin ekstremizmdən qorunmasında ilahiyyatçıların üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb. Onun sözlərinə görə, bu məqsədlə xüsusi nəşrlər hazırlanacaq, təlim kursları və konfranslar təşkil ediləcək.

Gənc nəslin ekstremist ideologiyasından qorunması sahəsində ilahiyyatçıların və humanitar, sosial elmlər üzrə alimlərin birgə fəaliyyəti də mühüm amildir.

Proqram çərçivəsində imzalanmış sənəddə altı layihənin həyata keçirilməsi nəzərdə tutulur. İSESCO baş direktorunun müşaviri Əbdelilah Benarafa jurnalistlərə bildirib ki, layihələrin həyata keçirilməsinə İslam aləmindən tanınmış alimlərin cəlb edilməsi, gənclərlə açıq diskussiyaların təşkili, onların arzularının öyrənilməsi, universitetlərin və tədqiqat mərkəzlərinin bu prosesdə fəal iştirakı təmin olunacaq.