Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 100 illik yubileyi münasibətilə martın 4-də agentliyin kollektivi ilə görüşüb.
Görüşdə çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov qeyd edib ki, agentliklə Mədəniyyət İşçiləri Həmkarlar Komitəsi arasında işgüzar əlaqələr və xoş münasibətlər mövcuddur. Agentliyin ötən 100 ildə keçdiyi inkişaf yolundan danışan Aslan Aslanov ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı, Prezident İlham Əliyevin KİV-ə hərtərəfli dəstəyi sayəsində AZƏRTAC-ın dünya informasiya məkanında layiqli yer tutduğunu, əməkdaşların iş və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atıldığını vurğulayıb.
Cəmilə Səttarova yubiley münasibətilə kollektivi təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova xatirə hədiyyəsi təqdim olunub, bir qrup əməkdaş fəxri fərmanlarla mükafatlandırılıb.