Martın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib.
Müşavirədə qeyd edilib ki, dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə əsas neft ixracatçıları arasında hasilatın həcmi barədə fikir ayrılığının yaranması dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasına səbəb olub. Azərbaycan hökuməti dünya iqtisadiyyatında gedən prosesləri diqqət mərkəzində saxlayaraq baş verə biləcək neqativ iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması üçün preventiv tədbirlər planlarına malikdir. Neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanıb və zərurət yarandığı hallarda müvafiq sabitləşdirici tədbirlər paketi həyata keçiriləcək.
Məlumatda bildirilir ki, dünyada baş verən neqativ iqtisadi meyillər fonunda belə Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir. Bu gün ölkə iqtisadiyyatı 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. O cümlədən valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar var. Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcək. 2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur. Bununla yanaşı, istehlak bazarına ciddi nəzarət edilir və vəziyyətdən sui-istifadə etməklə baş verə biləcək süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcək.