İspaniyanın “EL ESPANOL” portalında “Azərbaycanda ənənələr və müasirlik” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Bakının Azərbaycanın elmi-texniki və sənaye mərkəzi olduğu bildirilir. Vurğulanır ki, tarixi yaddaşın müasirliklə daima təmasda olduğu bu şəhərin bənzərsiz gözəlliyini seyr etməkdən ötrü buraya səyahət etmək arzusunda olanların sayı gün-gündən çoxalır.
Bakının tarixi keçmişi, coğrafi mövqeyi barədə məlumat verən məqalənin müəllifləri İçərişəhərin Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına salındığını da diqqətə çatdırırlar.
“EL ESPAÑOL” ispaniyalı turistləri dəb, şoppinq və musiqi həvəskarları üçün ideal istirahət məkanı olan Bakıya səyahətə dəvət edir. Qeyd olunur ki, il ərzində şəhərin konsert salonlarında dünya ulduzlarının, məşhur cazmenlərin çıxışları təşkil edilir.