Naxçıvan şəhərində açıq hava altında “Rəssamların fırçasında qadınlar və güllər” mövzusunda rəsm sərgisi təşkil edilib.
Sərginin açılışında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, YAP Naxçıvan şəhər təşkilatı Qadınlar şurasının sədri Yazgül Rzayeva, muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək qadınların ictimai, mədəni həyatda rolundan danışıblar. Qeyd edilib ki, dünyada qloballaşma prosesinin getdiyi bir vaxtda gənc nəslin tərbiyəsində, milli-mənəvi və ailə dəyərlərimizin qorunub saxlanılmasında qadınlarımızın rolu daha da artıb.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə 23 rəssamın 50-yə yaxın əsəri nümayiş etdirilib. Qadın gözəlliyinə və zərifliyinə həsr olunan “Güllər”, “Lalələr”, “Yasəmən”, “Yar”, “Şad günlər”, “Zəriflik” kimi rəsm əsərləri orijinallığı ilə diqqəti cəlb edib.
Açıq səma altında sərgidə gənc rəssamlar üçün ustad dərsi də keçirilib. Gənclərin çəkdikləri rəsmlər də həmin sərgidə nümayiş olunub.