AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Hidayət Cəfərovun “Qədim Qarabağ (Tarixi-arxeoloji tədqiqat)” monoqrafiyası nəşr edilib.
Kitabda Azərbaycanın tarixi ərazisi olan Qarabağda Tunc və Erkən Dəmir dövründə cərəyan etmiş etnik-mədəni proseslər izlənilir. Əsərdə yaşayış yerləri, qəbir abidələri, onlardan əldə olunmuş artefaktlar, ibtidai memarlıq, dəfn mərasimi, təsərrüfat sahələri, sənətkarlıq, iqtisadi-mədəni əlaqələr, ictimai quruluş və s. haqqında ətraflı məlumat verilir.
Səkkiz fəsildən ibarət əsərin ilk dörd hissəsi Qarabağın arxeoloji abidələrinin tədqiqi tarixinə, bölgənin Erkən Tunc dövrü, Orta Tunc dövrü, Son Tunc və Erkən Dəmir dövrü abidələrinə və artefaktlara həsr edilib. Beşinci fəsildə abidələrin xronoloji dövrləşdirilməsi problemlərinə toxunulur.
Monoqrafiyanın növbəti fəsillərində tədqiq edilən dövrdə regionun təsərrüfat həyatından və sənətkarlıqdan bəhs edilir. Həmçinin göstərilən dövrlərdə Qarabağın ətraf dünya ilə mədəni-iqtisadi əlaqələrindən, əhalisindən və ictimai quruluşundan söz açılır.
Müəllif arxeoloji faktlarla Qarabağın Tunc dövründə etnik və mədəni baxımdan Azərbaycanın digər regionları ilə üzvü surətdə bağlı olduğunu göstərib.
“Elm” nəşriyyatında çapdan çıxan kitabın rəyçiləri professorlar Abbas Seyidov və Nəcəf Müseyiblidir.
Monoqrafiya arxeoloqlar, tarixçilər, etnoqraflar, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.