Məlum olduğu kimi, Azərbaycanda muzey sahəsində ilk dəfə olaraq 2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən yüksək səviyyəli ekskursiyaların təşkili üçün Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Qobustan Dövlət Tarix-Bədii Qoruğu Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində audiobələdçilərlə təmin edilib.
Audiogidlər üçün avadanlıq Fransanın “ORPHEO Group” şirkətindən alınıb. “ORPHEO Touch” tərəfindən hazırlanmış mobil tətbiqləri (application) “iOS” və “Android” əməliyyat sistemli telefonlara yükləməklə istifadə etmək mümkündür.
Avadanlıqlar 2 formada təqdim edilir: “Orpheo mikro LX” və “Orpheo touch”. Bu avadanlıqlardan dünyanın ən məşhur muzeylərində (Fransanın Orse Muzeyi, Versal Sarayı, Tokio Metropolitan Muzeyi) istifadə olunur.
“Orpheo mikro LX” avadanlığı üçün 5 dildə hazırlanmış mətnlər həmin dillər üzrə xarici ekspertlər tərəfindən tərcümə edilib. Səs yazıları Gürcüstanda fəaliyyət göstərən səsyazma studiyasında yazılıb. Mətnləri müşayiət edən musiqi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Musiqi fondundan əldə edilib. Audiobələdçilərin mətnləri müxtəlif yaşlı insanlar üçün ayrı-ayrılıqda hazırlanıb.
Bu mobil tətbiqləri ödənişsiz olaraq yükləməklə muzeylərdə qorunub saxlanılan eksponatlar haqqında məlumat əldə etmək mümkündür. Təqdimatlar video və şəkil formatında hazırlanıb.
Applikasiyaları apps.apple.com və play.google.com saytlarından yükləmək olar.