Kinoaktyor Ruslan Sabirlinin təsis etdiyi, Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi və “Azercell” şirkətinin əsas tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı 5-ci Buktreyler Festivalının videoloqosu təqdim olunub. Bu dəfə festivalın “səsi” Xalq şairi Ramiz Rövşəndir.
Bu barədə Ruslan Sabirli məlumat verib. O deyib: “Buktreyler festivalı 5 illik yubileyini qeyd edir. Ona görə də festivalın builki səsinin aparıcılardan kiminsə deyil, məhz ədəbiyyat sahəsində öz sözünü demiş bir şəxsiyyətin, sənətkarın olmasını istədik və bu şəxsin hər kəsin sevimlisi olan Ramiz Rövşən olacağına qərar verdik. Ramiz müəllimə təşəkkür edirik ki, bizim layihəyə dəstək olmağa razılıq verdi. Düşünürəm ki, belə bir sənətkarın V Buktreyler Festivalının səsi olması festival iştirakçılarına böyük bir hədiyyədir”.
Festivalın təsisçisi bu məsələ ilə bağlı görkəmli şairlə görüşün təşkilinə görə Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə minnətdarlığını bildirib.
Qeyd edək ki, festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1000, 800 və 500 manat, həmçinin “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1000 manat pul mükafatları gözləyir.
Buktreylerlərin son qeydiyyat tarixi 1 aprel 2020-ci ildir.