Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin sədrliyi ilə “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin müəlliflər heyətinin qarşısında duran vəzifələrlə bağlı müşavirə keçirilib.
AMEA Rəyasət Heyətində keçirilən müşavirədə kitabın baş redaktoru, akademik Ramiz Mehdiyev ölkəmizin müstəqillik dövrünün elmi-nəzəri salnaməsi olacaq çoxcildliyin tarixi əhəmiyyətindən danışıb, nəşrin tematik və metodoloji xüsusiyyətlərindən ətraflı bəhs edib.
Bildirilib ki, ölkəmizin müstəqillik tarixinin bütün proseslərini əhatə edəcək kitabda ötən 30 ilə yaxın dövrdə ölkəmizdə baş verən ictimai-siyasi proseslər, dövlət quruculuğu məsələləri, daxili və xarici siyasət, elm, təhsil və mədəniyyətin inkişafı və sair kimi prioritet istiqamətlər yer alacaq. Akademiya rəhbəri “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin humanitar və ictimai elmlər sahəsində çalışan alimlərimizin sanballı elmi araşdırmaları əsasında vaxtında ərsəyə gələcəyinə və işıq üzü görəcəyinə əminliyini bildirib.
AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çoxcildliyin yazılıb hazırlanması ilə bağlı qarşıda duran vəzifələr barədə danışıb, nəzərdə tutulan istiqamətlər, hər bir fəsil üzrə işlənəcək mövzular və müəlliflər heyəti haqqında ətraflı şərhlərini diqqətə çatdırıb.
Müşavirədə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, Fəlsəfə İnstitutunun direktor müavini, professor Eynulla Mədətli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor Əli Həsənov və başqaları çıxış edərək müzakirə aparılan mövzu üzrə fikir və mülahizələrini bildiriblər. Tapşırılan işlərin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyi qeyd olunub.
Sonda akademik Ramiz Mehdiyev “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin müəlliflər kollektivinə müvafiq tövsiyə və tapşırıqlarını verib.