Günəş təqvimində yeni iliniz sağlıqlı başlasın!
Milli mədəni irsimizin, adət-ənənələrimizin ən qədim yaddaşı və zəngin saxlancı olan Novruz martın 20-də torpağımıza qədəm qoyur. Azərbaycan xalqı əsrlər boyu baharın gəlişini sevinclə, təmtəraqla, əziz bayramı kimi qeyd edib. Əcdadlarımız Novruzu oynaq, lətafətli nəğmələr, yaradılışın ilkin atributları olan su, od, yel və torpağı təcəssüm edən mifoloji görüşlərlə bağlı silsilə ayin, etiqad, ənənə və mərasimlərlə bəzəyiblər. Yüzilliklər dolabında bu mərasimlərin nəqşi pozulanı, bəzən unudulanı da, yeni-yeni ənənələrlə cilalanıb, yenidən düzülüb qoşulanı da olub.
Xalqımız qədim dövrlərdən Novruzu bərəkət və firavanlığın rəmzi kimi bayram edib. Bir dönəm siyasi-ideoloji qadağalar bunun üzərinə kölgə salsa da, xalq öz içində bayramın irsinin itməsinə yol verməyib, onu yaşadıb. Azərbaycan müstəqillik əldə edəndən sonra Novruz dövlətimizin rəsmi bayramları sırasında haqq etdiyi yeri qazanıb.
Milli mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır. Təbiətlə insanın vəhdətinə dair təsəvvürləri yaşadan rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapıb. Qloballaşma dalğasının vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bir zamanda Novruz tarixi-mədəni irsə bağlılığımızın ifadələrindən biridir. Onun UNESCO tərəfindən bəşəri irs xəzinəsinə daxil edilməsi, BMT tərəfindən beynəlxalq bayram elan edilməsi də bizim üçün iftixardır.
Bütün dünya qarışıq bizim də artıq bəşəri miqyas almış koronavirus bəlası ilə üz-üzə qaldığımız bu günlər, təbii ki, əsl bayram əhvalı deyil. Amma bu gündən sabaha inamla yaşayaq, ümidimizi itirməyək.
Boz ayın arxada qalan dörd çərşənbə axşamı tonqallar çatıb, dərd-sərimizin odda yanmasını dilədik. Sonuncu – ilaxır Torpaq çərşənbəsinin tonqallarını yandırarkən ürəyimizdə tutduğumuz arzular, etdiyimiz dualar yerinə yetsin.
Bu günlər, yəqin ki, torpağımıza və bütün bəşəriyyətə sağlıq diləyindən ümdə arzu-istəyimiz yoxdur. Sağlıq olsun. Həyat davam edir və dünyanın sonu deyil. Novruz bayramınız, Günəş təqvimində yeni iliniz mübarək!