Prezident İlham Əliyevin martın 17-də imzaladığı sərəncamla Akif Turan oğlu Məlikov Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Martın 18-də Əməkdar incəsənət xadimi, Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikovun 70 yaşı tamam olub.
Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə əlaqədar əlavə tədbirlər görüləcək
Dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində respublikada çoxşaxəli işlər görülməkdədir. Eyni zamanda, dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, bu sahədə daha əhatəli və çevik mexanizmlər yaradılmasına ehtiyac vardır.
Bu barədə Prezident İlham Əliyev martın 17-də imzaladığı “Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” sərəncamında bildirilir. Sərəncamda qeyd olunur ki, aparılan islahatlar bu sahədə ən qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiqinə başlanılmasını zəruri edir.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında ölkə başçısının fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılır.