Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) ali təhsilin bakalavriat və magistratura səviyyələrində həyata keçirdiyi turizm və hotelçilik ixtisası üzrə təhsil proqramları Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının “UNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görülüb.
Keyfiyyət sertifikatı Dövlət Turizm Agentliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin potensialının artırılması” layihəsi çərçivəsində verilib. Layihənin məqsədi müvafiq ixtisas üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir.
Cənubi Qafqazda ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nun “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyət hesab olunur.