“Qardaşım Mamuka Kikalişvilini Azərbaycan kinosu kəşf etdi. Hara gedirdisə, “Yaramaz” filmini də özü ilə aparırdı”
Xəbər verdiyimiz kimi, fevralın 23-də Nizami Kino Mərkəzində gürcü rejissor Georgi Kikalişvilinin “Robinzon və doqquz Cümə” macəra filminin premyerası keçirilib. Filmdə gürcü aktyorları ilə yanaşı, Azərbaycanın da tanınmış incəsənət xadimləri rol alıblar.
Bu ekran əsəri həm də onunla əlamətdardır ki, filmin rejissoru Azərbaycan kinosevərlərinin “Yaramaz” (rejissor Vaqif Mustafayev) filmindən Hətəm obrazı ilə tanıdıqları məşhur gürcü aktyoru Mamuka Kikalişvilinin qardaşıdır. Rejissorla qısa müsahibəmizdə Bakı haqqında təəssüratlarını öyrəndik. Sənətkar “Yaramaz” filmi ilə bağlı xatirələrini də bölüşdü.
- Bu mənim sizin şəhərə ilk səfərim deyil. Bakını çox sevirəm. Burada çoxlu dostlarım var. Bəzən digər ölkələrdən səfərdən qayıdan zaman təyyarəmiz Bakıya enirsə, o zaman artıq mən evimdəyəm deyə düşünürəm.
- “Robinzon və doqquz Cümə” filminin Bakıda çəkilişləri cəmi 3-4 gün davam edib. Səbəb nə idi?
- Tbilisidə də 3-4 gün çəkiliş etdik. Sadəcə, filmin süjet xəttinə görə əsas hissə Batumi yaxınlığındakı qəsəbələrin birində lentə alınmalı idi. Filmin yalnız şəhər həyətlərindəki səhnələri Bakı və Tbilisidə çəkildi.
- Bəs Polad Bülbüloğlunu filmdə çəkilməyə necə razı sala bildiniz? Hər halda rəsmi işlərlə çox məşğuldur.
- Buna razılıq verdiyinə görə Polad müəllimə sonsuz təşəkkürümü bildirirəm. Mən eyni zamanda filmin musiqisində bizə yardımçı olan Fərhad Bədəlbəyliyə də minnətdaram. Filmin final səhnəsində səslənən musiqi xalqlarımız arasında dostluğu ifadə edir.
- Azərbaycandan filmə dəvət alanlar ssenari ilə əvvəldən tanış olmuşdular?
- Əlbəttə. Müğənni Manana Caparidzeni çoxdan tanıyırdım. Amma Bəhram Bağırzadə ilə bu filmdə tanış oldum. Sizin insanların sadə və səmimiyyətləri bu dostluğa bir körpüdür. Gördüyünüz kimi, filmdəki aktyorların əksəriyyəti müğənnilərdir və onların bir araya gəlməsi, həqiqətən də, xoş oldu. Baxmayaraq ki, hər birinin məşqi, konsertləri var idi. Bu insanlar çəkilişlər zamanı həm də öz mədəniyyətlərini, mətbəxlərini bölüşürdülər.
- Ölkələrimiz arasında kino əlaqələrini necə qiymətləndirirsiniz?
- Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev və nazir müavini Sevda Məmmədəliyeva ilə görüşümüz zamanı Azərbaycan mədəniyyətinin, kinosunun inkişafı ilə bağlı maraqlı söhbətlərimiz oldu. Onu da qeyd edim ki, bizim Azərbaycanla artıq növbəti, ciddi bir kino layihəmiz reallaşacaq. Layihədə tanınmış kinoaktyorlar rol alacaq. Film Azərbaycan, Belarus, Böyük Britaniya, Gürcüstan və Qazaxıstan kino mütəxəssislərinin birgə işi olacaq. Amma film Azərbaycan, Böyük Britaniya və Gürcüstan kinematoqrafçılarının məhsulu kimi təqdim ediləcək.
- Sizin qardaşınız, mərhum Mamuka Kikalişvili kinorejissor Vaqif Mustafayevin “Yaramaz” filmində çəkildi və şöhrət qazandı...
- Gözəl xatirələrdir. O illərdə balaca idim və qardaşım çox zaman məni özü ilə aparardı. “Yaramaz” filminin çəkilişlərinin şahidi olmuşam. Həmin illər kino lenti kimi gözümün qarşısındadır. Bəlkə də Azərbaycana sevgim məhz həmin dövrdən başlayıb. Etiraf edim ki, Mamukanı Azərbaycan kinosu kəşf etdi. Onun aktyor kimi tanınması, yaradıcılığının zirvəyə çatmasında Azərbaycan kinosu mühüm rol oynayıb. Həmin filmə qədər bir sıra ekran əsərlərində çəkilsə də, yenə də əsasən teatr aktyoru kimi tanınırdı. Onun kinoda ən sevilən və yaddaşlara yazılan rolu məhz Hətəm oldu. Mamuka Hətəm obrazını necə sevirdisə, hara gedirdi, bu filmi də özü ilə aparırdı. Bu filmdəki oyununa görə o, 1988-ci ildə Bolqarıstanın Qabrovo şəhərində keçirilən festivalda “Ən yaxşı komediya aktyoru” nominasiyasında qalib oldu, Azərbaycanda Dövlət mükafatına layiq görüldü.
- Müsahibəyə görə sağ olun.
Lalə Azəri