Xüsusi karantin rejimində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin musiqi məktəbləri tərəfindən internet üzərindən musiqi dərsləri də təşkil edilir.
Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Musiqi məktəbi tədris planından geri qalmamaq məqsədilə virtual ünsiyyətin bütün imkanlarından istifadə edərək açıq dərslər keçir.
İnformasiya texnologiyaları vasitəsilə distant tədris imkanından istifadə edən Arif Məlikov adına 11 nömrəli onbirillik Musiqi məktəbi də bu yöndə fəaliyyətini davam etdirir. Məktəbin şagirdləri üçün internet üzərindən videodərslər təqdim edilir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli Musiqi məktəbi karantin tələblərini yerinə yetirərək, şagirdlərlə tədris proqramını internet üzərindən davam etdirir. Məktəbin fleyta ixtisası üzrə müəllimi Nərgiz Əliyeva şagirdlərə videodərslər keçməklə yanaşı, virtual ünsiyyət zamanı onlara asudə vaxtlarını səmərəli təşkil etmək üçün məsləhətlər də verib.