Ölkəmizdə koronavirus infeksiyasının yayılması ilə bağlı tətbiq edilən sosial izolyasiya və  xüsusi karantin rejimində insanların mədəni irs və incəsənətimizə yaxın olması, eləcə də şagirdlər üçün musiqi tədrisinin ev şəraitində davam etdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı tərəfindən birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi həyata keçirilir.

Aprelin 1-dən start verilən layihə üzrə televiziya ilə musiqi dərsləri, kukla tamaşaları, konsert proqramları, incəsənətin ayrı-ayrı sahələri ilə bağlı təqdimatlar nəzərdə tutulur.

Aprelin ikinci həftəsindən etibarən “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində “Əbədiyaşarlarımız” adlı yeni təqdimat reallaşır. Proqram hər həftə bir sənətkara həsr olunacaq. Təqdimatın ilk buraxılışı milli bəstəkarlıq məktəbinin və professional musiqimizin banisi Üzeyir Hacıbəyliyə ithaf edilib. 6-12 aprel tarixində “Üzeyir musiqi həftəsi”, 13-19 aprel tarixində unudulmaz bəstəkarımız Qara Qarayevin əziz xatirəsinə həsr olunmuş musiqi həftəsi, 20-26 aprel tarixində bəstəkar, Xalq artisti Əşrəf Abbasovun 100 illik yubileyi ilə əlaqədar olaraq “Əşrəf Abbasov musiqi həftəsi”, 27 aprel – 3 mayda isə ustad tarzən Hacı Məmmədovun 100 illik yubileyi ilə əlaqədar olaraq “Hacı Məmmədov musiqi həftəsi” layihədə yer alacaq.

Layihədə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Mədəniyyət Nazirliyi Regional siyasət şöbəsi (regionlarda fəaliyyət göstərən musiqi məktəbləri), Azərbaycan Bəstəkarlar İttifaqı, Beynəlxalq Muğam Mərkəzinin musiqi kollektivləri, solistlər, müəllim və tələbə heyəti iştirak edəcək. İştirakçılar Üzeyir Hacıbəylinin əsərlərindən və onun haqqında çıxışlarından ibarət videoçarxları (3 dəqiqə)  “Mədəniyyət” kanalına təqdim etməlidir.

Xatırladaq ki, “Bizi birləşdirən mədəniyyət” layihəsində ilk olaraq aprelin 1-də musiqi dərsləri efirə gedib. Musiqi dərslərinin çəkilişləri Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində aparılır. İlk musiqi dərsini (klarnet sinfinin 1-ci sinifləri üçün) məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli təqdim edib. Məktəbin fortepiano şöbəsinin müdiri Mənsurə Quliyeva, xalq çalğı alətləri şöbəsinin müdiri Şahnaz Muradova (kamança), aparıcı müəllim Təranə Babayeva (kamança), xoreoqraflar Emil Pənahov, Səbinə İsmayılova, musiqişünas Leyla Həsənovanın (musiqi ədəbiyyatı) dərsləri də lentə alınıb.

Qeyd edək ki, “Mədəniyyət” kanalı ilə musiqi dərsləri həftə içi beş gün ayrı-ayrı musiqi alətləri üzrə təqdim olunur və müxtəlif siniflərin proqramını əhatə edir.

Aprelin 1-dən etibarən həmçinin layihə çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən məhdud heyətlə (aparıcı, xanəndə-müğənni, bir neçə instrumental ifaçı) canlı konsert proqramları təqdim edilir.

İlk musiqili yayımın qonaqları – tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov və onun rəhbərlik etdiyi “Qarabağ” muğami qrupunun üzvləri – əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və nağara ifaçısı Siyavuş Kərimov idi.

Aparıcı televiziya ekranları qarşısında əyləşən hər kəsi salamlayaraq dedi ki, sənətsevərlər Beynəlxalq Muğam Mərkəzinin zalından müxtəlif musiqi axşamlarını, konsert proqramlarını izləyiblər. İndi isə hamımızın sağlamlığı diqqətə alınaraq tətbiq edilən karantin rejimində sizlər evlərinizdəsiniz. Amma mədəniyyətimiz, musiqimiz yenə sizinlədir.

Xalq artisti Mənsum İbrahimov sosial izolyasiya müddətində tamaşaçıların evdən çıxmadan musiqi dinləməsi və mədəniyyətin müxtəlif sahələrindən xəbərdar olmaları üçün Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə reallaşan layihələrin əhəmiyyətini vurğuladı: “Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu günlərdə xalqa müraciət etdilər. Biz bu müraciətlərə dəstək olaraq gələcəyimiz naminə birliyimizi nümayiş etdirməliyik. Xalqımızın sağlığı naminə dövlət tərəfindən tətbiq olunan sosial izolyasiya və karantin rejiminə riayət etməklə, həmrəy olaraq biz bu sınaqdan qalib çıxacağıq”.

“Bizi birləşdirən mədəniyyət” proqramı muğamlarımız, təsniflər və xalq mahnılarından ibarət bir-birindən maraqlı ifalar ilə davam etdi. Veriliş çərçivəsində #evdəqal #gələcəyini düşün şüarı ilə musiqi xadimlərinin sosial şəbəkələrdə paylaşımlarından nümunələr də təqdim edildi.

L.AZƏRİ