Koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejimi günlərində bölgələrdəki mədəniyyət müəssisələri də fəaliyyətini müasir texniki vasitələrlə onlayn formatda davam etdirirlər.
Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Oğuz rayon MKS-nin Baş Daşağıl, Filfilli, Qarabulaq və Yemişənli kənd filialları “Evdə mədəniyyətimizi yaşadaq” və “Mədəniyyət birlikdir” layihələri çərçivəsində bu il 150 illik yubileyi qeyd olunan görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş virtual oxucu konfransı təşkil ediblər.
Çıxışlarda qeyd edilib ki, Ə.Haqverdiyev Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynayıb. Ədib dramaturji irsi ilə də Azərbaycan teatrının inkişafına töhfələr verib.
Bildirilib ki, Ə.Haqverdiyevin adının UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin humanist ruhlu yaradıcılığına verilən qiymətin təzahürüdür.
***
Balakən rayon Uşaq incəsənət məktəbinin rəsm müəllimi Günel Qarayeva “Evdə qal, evdə yarat” layihəsinə qoşularaq sosial şəbəkədə özünün rəsm əsərlərinin yer aldığı videoçarx nümayiş etdirib.
Gənc rəssam sərginin sonunda digər bir bacarığını da nümayiş etdirərək pianoda görkəmli bəstəkar, caz ustası Vaqif Mustafazadənin “Düşüncə” etüdünü məharətlə səsləndirib.
***
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Uşaq şöbəsi və Qəbələ MKS-nin Uşaq şöbəsinin oxucuları tərəfindən 7 aprel – “Dünya sağlamlıq günü” münasibətilə videoçarx hazırlanıb. İsmayıllı MKS-nin Uşaq şöbəsinin oxucuları isə “evdə qal” çağırışına qoşularaq “Evdə qal, sağlam ol” başlığı altında rəsmlər çəkiblər.
***
Yerlərdəki mədəniyyət müəssislərində tibbi-profilaktik, dezinfeksiya tədbirləri də davam etdirilir.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya işləri aparılıb.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində də sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilib. Dezinfeksiya işləri müvafiq qurumlardan dəvət olunmuş mütəxəssislər tərəfindən aparılıb.
Nazirliyin digər regional idarələri və onların tabe müəssisələrində də bir neçə dəfə dezinfeksiya işləri aparılıb və bu tədbirlər davam etdiriləcək.
***
Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “Mədəniyyət birlikdir” xeyirxahlıq kampaniyasına Şəki Uşaq incəsənət məktəbinin könüllüləri də qoşulub. Məktəbin könüllüləri Şəki qarışıq tipli uşaq evinin sakinlərinə və Şəki Rayon Psixonevroloji Dispanserində müalicə alan xəstələrə baş çəkərək onlara məktəbin müəllimləri Maral Rəhimova və Sevinc Rəcəblinin hazırladıqları 150 ədəd tibbi maska və digər gigiyenik vasitələr paylayıblar.
Nurəddin MƏMMƏDLİ