Bakı şəhər Xətai rayonu 95 nömrəli orta məktəbin 3-cü sinif şagirdlərinin Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova və uşaq yazarı Sevinc Nuruqızı ilə onlayn görüşü keçirilib.

Görüşün keçirilməsində məqsəd koronavirus infeksiyası səbəbindən elan edilən karantin rejimi ilə bağlı kitabxananın virtual xidmət göstərdiyi günlərdə oxuculara saytdan düzgün istifadə qaydalarını izah etmək, evdə qaldıqları müddətdə onlara maarifləndirici tövsiyələr vermək olub.

Ş.Qəmbərova uşaqlara kitabxananın internet saytının (clb.az) imkanları, onlardan düzgün istifadə qaydaları, eləcə də karantin müddətində kitabxananın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Uşaq yazarı Sevinc Nuruqızının da iştirakı ilə uşaqlarla maraqlı diskussiyalar aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Bu cür görüşlərin davam etdirilməsi nəzərdə tutulub.

***

Qeyd edək ki, bu günlər Respublika Uşaq Kitabxanasının internet saytı və sosial şəbəkə səhifələrində tanınmış uşaq yazarlarının videoları yerləşdirilir. Kitabxananın reallaşdırdığı layihəyə uşaqların sevimli yazarları Zahid Xəlil, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Mehriban Nağıyeva, Aygün Bünyadzadə, Rafiq Yusifoğlu, Solmaz Amanova, Elvira Məmmədova, İranda yaşayan azərbaycanlı uşaq yazarı Fərhad Həsənzadə, habelə bir çox məktəblərin ibtidai sinif müəllimələri də dəstək olublar. Onların uşaqlar üçün söylədikləri nağıllar, hekayələr, şeirlər kitabxananın sosial şəbəkə səhifələrində yayımlanıb.