Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas koronavirus pandemiyası ilə mübarizədə Avropa İttifaqı ilə göstərilən həmrəyliyə görə ölkəmizə təşəkkür edib.

Bu barədə Avropa İttifaqı nümayəndəliyinin rəsmi “Facebook” səhifəsində məlumat yayılıb. K.Yankauskas yazıb ki, Avropa İttifaqının bayrağının Heydər Əliyev Mərkəzinin binası üzərində videoproyeksiya olunması Aİ ilə Azərbaycan arasındakı həmrəyliyin və tərəfdaşlıq əlaqələrinin əksidir: “Birlikdə daha güclüyük! Sağ ol, Azərbaycan!”

Qeyd edək ki, aprelin əvvəlindən başlayaraq Bakıdakı Heydər Əliyev Mərkəzinin binası üzərində hər axşam koronavirusdan zərər çəkən bir ölkənin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə proyeksiya olunur. Bununla  Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyi, pandemiyanın geniş yayıldığı dövlətlərə mənəvi dəstəyi ifadə edilir. Aprelin 15-də Heydər Əliyev Mərkəzinin binası Avropa İttifaqının bayrağı ilə videoproyeksiya olunub.

***

Fransanın ölkəmizdəki səfiri Zakari Qros isə Heydər Əliyev Mərkəzinin binasının Fransa bayrağının rənglərində işıqlandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

“Bəşəriyyət koronavirusun yaratdığı ağır problem ilə üz-üzədir. Pandemiya Fransanı da, Azərbaycanı da sınağa çəkib. Bu çətin zamanda Heydər Əliyev Mərkəzinin möhtəşəm binasının aprelin 5-də axşam Fransa bayrağının rənglərində işıqlandırılması ölkəmizdə dəyərli həmrəylik jesti olaraq yüksək qiymətləndirildi. Bu dostluğun belə müstəsna ifadəsinə görə Fransa Prezidenti Emmanuel Makronun və bütün fransızların adından Sizə öz minnətdarlığımı bildirirəm”, – deyə məktubda vurğulanır.