Aprelin 16-da Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə xüsusi karantin rejimi dövründə nazirliyin idarələrinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib.
Konfransda Mədəniyyət nazirinin müavinləri Rafiq Bayramov, Sevda Məmmədəliyeva, nazirliyin məsul əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və regional idarələrin rəisləri iştirak ediblər.
Videokonfransda çıxış edən nazir Əbülfəs Qarayev ölkəmizdə koronavirus (COVİD-19) infeksiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejimi günlərində mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlər, regional idarələrin fəaliyyəti, mədəniyyət müəssisələri tərəfindən onlayn şəkildə həyata keçirilən tədbirlər haqqında danışıb.
Mədəniyyət sahəsinin idarə olunmasında yeni yanaşmaların tətbiqinin sürətləndirilməsinin zəruriliyini vurğulayan nazir elektron xidmətlərin genişləndirilməsi, əməkdaşların texnoloji vasitələrdən istifadə bacarıqlarının daha da artırılmasının vacib olduğunu bildirib. Qeyd olunub ki, xüsusi karantin rejimində ölkəmizin mədəni həyatı mövcud şərait nəzərə alınmaqla aktiv şəkildə davam edir. Onlayn dərslərin keçirilməsi, muzeylərə və qoruqlara virtual ekskursiyaların təşkili, kitabxanaların elektron xidmətlər göstərməsi istiqamətində əhəmiyyətli işlər həyata keçirilib. Bu müddət ərzində 3500-ə yaxın distant dərs keçirilib, mədəniyyətlə bağlı 8500-dən çox videoçarx hazırlanıb, eləcə də 300-ə yaxın onlayn tədbir keçirilib. Bu müddətdə mədəniyyət müəssisələrində dezinfeksiya işləri də davam etdirilib. Eyni zamanda əməkdaşlar tərəfindən tənha, yaşı 65 və daha yuxarı, sosial dəstəyə ehtiyacı olan insanlara baş çəkilib və onlara yardımlar edilib.
Əbülfəs Qarayev diqqətə çatdırıb ki, mədəniyyət sahəsində elektron xidmətlərin daha da inkişaf etdirilməsi məqsədilə nazir müavini Rafiq Bayramovun rəhbərliyi ilə işçi qrupu yaradılıb. İşçi qrupu elektron mədəni xidmətlərin inkişafı ilə bağlı fəaliyyəti təmin edəcək.
Əbülfəs Qarayev sosial şəbəkələr üzərindən fəaliyyətin daha da genişləndirilməsi, aktivliyin artırılması, izləyicilərə mədəniyyət sahəsində baş verən yeniliklərin çatdırılması, elektron xidmətlərin əhatəsinin və səviyyəsinin yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək xüsusi karantin günlərində muzeylərin fəaliyyətindən söz açıb. Bildirib ki, həm paytaxt, həm də region muzeyləri bu müddətdə öz fəaliyyətini onlayn formada davam etdirərək vətəndaşlara xidmət göstərib.
Nazir müavini muzeylərdə elektron xidmətlərin inkişafı, pandemiyadan sonrakı dövrdə də bu istiqamətdə görülən işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
***
Sonra videokonfrans Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun sədrliyi ilə davam edib. Mədəniyyət sahəsinin idarə olunmasında yeni texnologiyaların tətbiqi, göstərilən bütün mədəni xidmətlərin elektron versiyalarının yaradılmasının vacibliyindən danışan Rafiq Bayramov bildirib ki, bu istiqamətdə həyata keçirilən işlər pandemiya təhlükəsi aradan qalxdıqdan sonra da davam etdiriləcək: “Mədəniyyət sahəsinin idarə olunmasında müasir yanaşmaların daha geniş tətbiqi günün tələbinə çevrilib. Bu istiqamətdə beynəlxalq təcrübədən də istifadə olunmalıdır. Son illər elektron mədəni xidmətlərin göstərilməsi istiqamətində müəyyən işlər həyata keçirilib. Bu gün isə qarşımızda duran əsas məsələlərdən biri də mədəniyyət sahəsində göstərilən bütün xidmətlərin rəqəmsallaşdırılmasıdır. Göstəriləcək xidmətlərin audiovizual variantları yaradılmalı, hər bir mədəniyyət müəssisəsinin elektron bazası formalaşdırılmalıdır”.
Daha sonra çıxış edən Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli, İqtisadiyyat və planlaşdırma şöbəsinin müdiri Sima Həsənova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov mövcud vəziyyətdə mədəniyyət idarələrinin fəaliyyəti barədə məlumat verib, elektron xidmətlərin göstərilməsi sahəsində atılan addımlardan danışıblar.
Sonda ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyəti bir daha qeyd olunub. Sosial təcrid dövründə mədəniyyət sahəsinin üzərinə düşən mühüm vəzifələrin öhdəsindən layiqincə gəlməsinin vacibliyi vurğulanıb.