Mövcud karantin vəziyyətində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Facebook” və digər sosial şəbəkələr vasitəsilə yerli və xarici alimlərin aktual mövzulara həsr olunmuş mühazirələrini “Mədəniyyət naminə elm” layihəsinin virtual formatında ictimaiyyətə təqdim edir.
Aprelin 14-də sözügedən layihə çərçivəsində ilk beynəlxalq vebinar (onlayn seminar) təşkil olunub. Vebinarın qonağı Ankara Hacı Bayram Vəli Universitetinin professoru Güljanat Kurmanqaliyeva Ercilasun olub. Seminarda MEMİM-in direktoru Asif Usubəliyev, direktor müavini Leyla Mehdiyeva, elmi katib Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə, mərkəzin digər əməkdaşları, habelə respublikamızın bölgələrində çalışan gənc mədəniyyət işçiləri də iştirak ediblər.
“Mədəniyyət naminə elm” vebinarında iştirakçılar milli-mənəvi sərvətlərin qorunması, fəlsəfə, türk mədəniyyətinin tarixi, abidələr, mövcud reallıqda müasir mədəniyyət siyasətinin xüsusiyyətləri, milli mədəniyyətin təbliğində gənclərin rolu kimi mövzulara toxunublar. Asif Usubəliyev çıxışında bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirilmiş fövqəladə Zirvə görüşünün əhəmiyyətini vurğulayaraq bildirib ki, alimlərin və mədəniyyət işçilərinin bu kiçik təşəbbüsü də ölkə başçılarının səsləndirdikləri mesajların davamı kimi qiymətləndirilməlidir. Alim və ziyalılarımız da dünyanın xilası üçün səyləri artırmalıdırlar.