Koronavirus (COVİD-19) pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə elan olunan xüsusi karantin rejimi günlərində bölgələrdəki mədəniyyət müəssisələri də fəaliyyətini müasir texniki vasitələrlə - videokonfrans rejimində və distant formada davam etdirirlər.
Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəbləri üzrə distant dərslər keçirilir. Mədəniyyət mərkəzləri və onların filialları olan klub, mədəniyyət evləri, habelə mərkəzləşdirilmiş kitabxana sistemləri və onların filiallarının əməkdaşları Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” layihəsinə qoşularaq musiqi, bədii qiraət, görkəmli şəxsiyyətlərin anım günləri, ötən illərdə keçirdikləri tədbirlərin fotolarından ibarət videoçarxlar hazırlayaraq öz sosial şəbəkə hesablarında yerləşdiriblər. Lənkəran Rəssamlıq məktəbinin müəllimi, keramika ustası Tərlan Sadıxovun iş prosesi və əl işlərindən ibarət videoçarx hazırlanaraq sosial şəbəkələr vasitəsilə nümayiş etdirilib. Lənkəran Uşaq musiqi məktəbi tərəfindən onlayn konsert proqramları təşkil edilərək nümayiş olunub.
Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq və ev-muzeyləri tərəfindən mərkəzləri və muzeyləri üzrə virtual səyahət imkanı yaradan videoçarxlar da sosial şəbəkə hesablarından paylaşılır. Mədəni-maarif müəssisələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
Regional idarənin rəisi Vüsal Nəsirlinin iştirakı ilə keçirilən videokonfransda cari məsələlər müzakirə edilib, müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
***
Masallı Regional Mədəniyyət İdarəsi əməkdaşlarının və mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən videokonfransda idarənin rəisi Lətifə Mövsümova karantin rejimi günlərində idarə və müəssisələr tərəfindən görülmüş işlərə nəzər salıb. Qeyd olunub ki, Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülmüş “Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində region üzrə bədii təhsil müəssisələri tərəfindən onlayn qaydada distant dərslər davam edir. Heydər Əliyev mərkəzləri, kitabxanalar, muzeylər, qalereyalar və digər müəssisələr tərəfindən profilə uyğun olaraq bədii qiraət, rəsm əsərləri, əl işləri, tarix və etnoqrafik, solo ifalar, kiçik həcmli tamaşalar və digər məzmunlarda çoxsaylı videoçarxlar hazırlanaraq sosial şəbəkələr üzərindən nümayiş olunur. Aprel döyüşləri ilə əlaqədar hərbi-vətənpərvərlik mövzusunda bədii qiraət müsabiqəsi keçirilib. Hazırda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan virtual “Yaz festivalı” keçirilir.
Videokonfransın iştirakçıları da təkliflər səsləndiriblər. Qeyd olunub ki, mövcud vəziyyətlə əlaqədar regionun tanınmış incəsənət ustalarının iştirakı ilə onlayn platforma üzərindən canlı konsertlərin və digər bu qəbildən olan tədbirlərin keçirilməsi həm yerli sakinlərin əhval-ruhiyyəsinin yüksəldilməsinə, həm də insanların asudə vaxtlarının səmərəli təşkilinə faydalı ola bilər.
***
Xaçmaz Regional Mədəniyyət İdarəsində təşkil olunan onlayn müşavirədə idarənin rəhbərliyi, aidiyyəti rayonlar üzrə nümayəndələr, şura üzvləri və müəssisə rəhbərləri iştirak ediblər.
İdarənin rəisi Nazim Ağayev karantin dövründə müəssisələrin onlayn fəaliyyəti barədə danışaraq işlərin sürətləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verib.
Həmçinin mədəniyyət müəssisələrinin mütəmadi olaraq dezinfeksiya edilməsi, distant dərslərin gündəlik olaraq keçirilməsi diqqətə çatdırılıb.
***
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələri də sosial təcrid günlərində evdə qalan insanlar üçün maraqlı layihələr reallaşdırırlar. Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun “Günəşim” kukla teatrı yeni tamaşaların ərsəyə gəlməsi üçün “Hərəmiz bir nağıl olaq” adlı müsabiqə elan edib. Aprelin 30-dək davam edəcək müsabiqədə ilk üçlükdə yer alan nağıllar əsasında tamaşalar hazırlanacaq.
***
Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzinin əməkdaşları və könüllüləri evdən çıxa bilməyən tənha və yaşlı insanlar, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə “Evdə qal” aksiyası çərçivəsində vaxtaşırı görüşərək onlara zəruri ərzaq məhsullarından ibarət bağlamalar çatdırırlar.
Könüllülər, həmçinin xüsusi karantin rejimi dövründə tənha yaşayan ahıllara, eləcə də aztəminatlı və imtiyazlı ailələrə dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkili kimi sosial xidmətlər göstərirlər.
***
Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən başlanılan “Evdə mədəniyyətimizi yaşadaq” və “Mədəniyyət birlikdir” layihələri çərçivəsində onlayn konsertlər davam etdirilir.
Şəkinin tanınmış “Zirvə” musiqi qrupu 15 aprel – Dünya İncəsənət Gününə həsr edilmiş “Qədim Şəki kompozisiyası” adlı onlayn konsert proqramı təqdim edib. Qrupun rəhbəri, Şəki Uşaq incəsənət məktəbinin direktoru Eldar Rəcəbovun təşəbbüsü ilə koronavirus infeksiyası ilə əlaqədar dövlətimizin “Evdə qal” çağırışına dəstək məqsədilə keçirilən konsert sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Nurəddin MƏMMƏDLİ