Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün reallaşdırılan sosial izolyasiya tədbirləri və karantin rejimi ilə əlaqədar Mədəniyyət Nazirliyinin regional idarələri fəaliyyətini əsasən elektron ünsiyyət vasitələri ilə davam etdirir.

Aprelin 18-də İsmayıllı Regional Mədəniyyət İdarəsi üzrə vətəndaşların videoqəbulu keçirilib. Qəbulda regional idarənin rəis müavini, aidiyyəti rayonlar üzrə nümayəndələr iştirak ediblər. Regional idarənin rəisi Elnur Hüseynov əvvəlcədən qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Qaldırılan bəzi məsələlər qeydə alınıb, digər müraciətlərin araşdırılması və həll olunması üçün müvafiq tapşırıqlar verilib.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov tabe müəssisələrin – Heydər Əliyev mərkəzləri, kitabxana və muzeylərin rəhbərləri ilə onlayn müşavirə keçirib. Müşavirədə muzey və kitabxanalarda virtual ekskursiyaların təşkil edilməsi, muzeylərin xarici ölkələrin müvafiq müəssisələri ilə əməkdaşlıq yaratması və bu əməkdaşlığın genişləndirilməsi, habelə kitabxanalarda internet resurslarının fəaliyyətinin yüksəldilməsi, kitabxanaların elektron xidmətlər göstərməsi imkanını daha da təkmilləşdirilməsi, hazırlanan videoçarxların keyfiyyətinin artırılması və digər məsələrlərlə bağlı tapşırıqlar verilib.

Regional idarə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi ilə birlikdə ulu öndərin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan” mövzusunda onlayn bədii qiraət müsabiqəsi elan edib. Müsabiqəyə qatılmaq istəyən 8-18 yaşlı iştirakçılar mayın 5-dək söylədikləri şeirlərin videoyazısını mərkəzin elektron poçtuna (sumqayit.merkez@mail.ru) və “Facebook” səhifəsinə göndərə bilərlər. Müsabiqənin qalibləri xüsusi karantin rejimi bitdikdən sonra fəxri fərman və hədiyyələrlə təltif olunacaq.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon Mədəniyyət Mərkəzi, rayon Mərkəzi Kitabxanası və İncəsənət məktəbi ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar bədii qiraət, musiqi, rəqs, rəsm və tətbiqi sənət nominasiyaları üzrə onlayn “İstedad – baxış” müsabiqəsi elan edib. Müsabiqədə 8 yaşdan 30 yaşadək uşaq və gənclər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər aprelin 20-dən aprelin 30-na qədər qeyd olunan mədəniyyət müəssisələrinin elektron poçtuna və “Facebook” səhifələrinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

***

Şəki Regional Mədəniyyət İdarəsi və Zaqatala Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə də ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə məktəblilər arasında onlayn şeir və mahnı müsabiqəsi elan edilib.  Zaqatala Rayon İcra Hakimiyyəti və rayon Təhsil şöbəsinin dəstəyi ilə reallaşan müsabiqə mayın 7-dək davam edəcək. İştirakçı səsləndirdiyi şeir və ya mahnının videosunu Heydər Əliyev Mərkəzinin “Facebook” və “İnstagram” səhifələrinə göndərməlidir. Münsiflər heyəti hər nominasiya üzrə fərqlənən ən yaxşı üç iştirakçını seçəcək, sonra onlayn səsvermə yolu ilə qalib müəyyən olunacaq.

Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “Evdə mədəniyyətimizi yaşadaq” layihəsinə Xalq artisti Gülyanaq Məmmədova da qoşulub.  Xalq artisti koronavirusla mübarizəyə həsr olunmuş çağırışlara dəstək olaraq, Şəkidəki evlərinin həyətindən izləyicilərə  videoçarx vasitəsilə müraciət edib.

Zaqatala rayon Dardoqqaz kənd Folklor evinin müdiri Məmməd Məmmədov isə “Facebook” səhifəsi üzərindən onlayn konsertini təqdim edib. Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “Evdə mədəniyyətimizi yaşadaq” və “Mədəniyyət birlikdir” layihələri çərçivəsində təqdim olunan konsertdə sənətçinin və onun oğlu Tərlanın ifasında  musiqilər səsləndirilib.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin Ağalı kənd klub filialının əməkdaşları rayon ərazisində yaşayan, yaşı 65-dən yuxarı və qayğıya ehtiyacı olan ailələri ziyarət edib, onlara tibbi ləvazimat və ərzaq sovqatları ilə dəstək olublar. Klubun əməkdaşları tərəfindən ziyarət olunan ailələrə həmçinin xüsusi karantin dövrünün şərtləri və əhəmiyyəti haqqında maarifləndirici məlumat verilib.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Yaradullu kənd klub filialının əməkdaşı Turanə Orucovanın təşkilatçılığı ilə onlayn konsert proqramı gerçəkləşib.

Mədəniyyət işçilərinə təqdim olunan konsertdə T.Orucova ilə yanaşı, Qazax şəhər 1 saylı Uşaq musiqi məktəbinin xor müəllimi Nigar Mehdiyeva və məktəbin şagirdləri iştirak ediblər. Konsertdə səslənən bəstəkar mahnıları, uşaqların solo ifaları, pianoda səsləndirilən əsərlər izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.

Nurəddin MƏMMƏDLİ