Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Oxu və əylən!” müsabiqəsi mövcud vəziyyət nəzərə alınaraq onlayn şəkildə davam etdirilir.

Müsabiqədə iştirak etmək istəyən ibtidai sinif şagirdləri uşaq ədəbiyyatını əhatə edən 3 kateqoriyadan – təmsillər, hekayələr və nağıllardan birini seçməlidirlər. İştirakçılar obrazlı şəkildə təqdim etdikləri nümunələri yalnız ev şəraitində telefon və ya evdə olan digər vasitələrlə səs yazısı kimi qeydə alaraq mayın 2-dək oxu.eylen@gmail.com elektron poçt ünvanına və ya (+994 55) 750-15-63 “WhatsApp” nömrəsinə göndərə bilərlər.

Səsləndirilən uşaq ədəbiyyatı nümunələri 15 dəqiqədən artıq olmamalıdır. Əsərin səsləndirilməsi düzgünlük, sürət, ifadəlilik kimi tələblərə cavab verməlidir.

“Oxu və əylən!” müsabiqəsinin yekununda 3 məktəb I, 3 məktəb II, 3 məktəb III, 3 məktəb isə həvəsləndirici yer olmaqla, ümumilikdə 12 ümumtəhsil məktəbi BŞTİ tərəfindən mükafatlandırılacaq.

 

“Dərsdən sonra” incəsənət

 

Aprelin 25-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Dərsdən sonra” teleproqramına start verilir.

Nazirlikdən bildirilib ki, şagirdlər bu həftədən etibarən hər şənbə saat 12:20-də “Mədəniyyət” telekanalında “Dərsdən sonra” teleproqramını izləyə bilərlər. Burada biliklərə əyləncə formatında yiyələnməklə yanaşı, incəsənətin müxtəlif növlərinə aid maraqlı tapşırıqlar da yer alacaq.