Hamı bilməlidir ki, COVİD-19 xəstəliyi uzunmüddətli prosesdir. Koronavirus pandemiyasının yeni dalğasına yol verməmək üçün vətəndaş məsuliyyətimizi dərk etməliyik. Bu fikirləri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.

İndiki vəziyyətdə hər şeyin insanlara bağlı olduğunu söyləyən folklorşünas alim deyib ki, məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları çoxala bilər: “Planetimizdə minlərlə insan pandemiyanın qurbanı olub. Koronavirus sərhəd tanımır. Lakin şükürlər olsun ki, bu xəstəlikdən sağalanların da sayı az deyil. Əgər pandemiyanın birinci dalğasını az itki ilə başa vurduqsa, bu, dövlət rəhbərliyinin qətiyyətli qərarları və iradəsi nəticəsində oldu. Əlamətdar haldır ki, Dünya Səhiyyə Təşkilatının bəyan etdiyi kimi, pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın nümunəvi təcrübəsi artıq bir çox ölkələr tərəfindən fəaliyyət proqramı kimi geniş şəkildə istifadə olunmaqdadır. Yəni, dövlət üzərinə düşəni edib və artıq insanlarımızın növbəsidir ki, məsuliyyətli davransınlar”.

Bəzi insanların bu xəstəliyə barmaqarası baxdığını, məsuliyyəti dərk etmədiyini bildirən Məhərrəm Qasımlı deyib ki, bu, yolverilməzdir. Hadisələrə sağlam düşüncə və təfəkkürlə yanaşmaq lazımdır. “Gəlin, qaydalara əməl edək ki, həm sağlamlığımızı qoruyaq, həm də dövlətimizə dəstək olaq”, – deyə o vurğulayıb.