Regional mədəniyyət idarələrindən xəbərlər

Şəhər və rayonlardakı mədəniyyət müəssisələri sosial təcrid və karantin rejiminin davam etdiyi bu günlərdə mövcud şəraitə uyğun layihə və tədbirlər həyata keçirirlər.

İsmayıllı Regional Mədəniyyət İdarəsi üzrə növbəti videokonfransda tabe müəssisələr tərəfindən görülən və gələcək işlər müzakirə olunub. İdarənin rəisi Elnur Hüseynov vətəndaşlara mədəni xidmətlərin daha keyfiyyətlə və müntəzəm şəkildə təqdim edilməsinin vacibliyini vurğulayıb.

Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş virtual müsabiqələrdə iştirakla bağlı müzakirələr aparılıb, tövsiyələr verilib. Sonda regional idarənin rəisi əməkdaşların qarşıdakı dövrdə əmək fəaliyyətləri ilə bağlı suallarını cavablandırıb.

***

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzində ümummilli liderin anadan olmasının 97-ci ildönümü münasibətilə “Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq” mövzusunda onlayn tarix dərsi təşkil olunub.

Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin X sinif şagirdləri üçün dərsdə Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzədə müasir müstəqil Azərbaycanda dövlət quruculuğu sahəsində Heydər Əliyevin müstəsna xidmətlərindən söz açılıb. Sonda “Dahi şəxsiyyət” sənədli filmi nümayiş olunub.

***

Bərdə Regional Mədəniyyət İdarəsinin Bərdə rayon Kolayır kənd Uşaq musiqi məktəbinin onlayn şura iclası keçirilib. İclasda idarənin rəis müavini Validə Nabatova xüsusi karantin rejimində distant dərslərin davamlı olaraq keçirilməsi ilə bağlı idarə rəisinin tapşırıqlarını diqqətə çatdırıb. Həmçinin Mədəniyyət Nazirliyinin həyata keçirdiyi onlayn layihələrdə iştirakın vacibliyi vurğulanıb.

Sonda şöbə müdirlərinin karantin dövründə görülmüş işlər barədə hesabatları dinlənilib və məktəbin direktoru qarşıda duran vəzifələrin icrası ilə əlaqədar öz tapşırıqlarını verib.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq incəsənət məktəbinin kollektivi ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə canlı konsert təqdim edib.

Ağcabədi şəhərində məcburi köçkünlər üçün salınmış çoxmənzilli yaşayış kompleksində binalardan birinin eyvanında təşkil edilən konsert sakinlər tərəfindən maraqla qarşılanıb.

***

Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev” mövzusunda videokonfrans keçirilib. Ümummilli liderin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş videokonfransa Oğuz, Şəki, Qax, Samux, Salyan, Kürdəmir, Sumqayıt, Qəbələ, Ucar, Zərdab və Şabran rayonları Heydər Əliyev mərkəzlərinin direktorları qatılıb. Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasovanın “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda məruzəsi dinlənilib.

***

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylər koronavirus səbəbi ilə müvəqqəti olaraq ziyarətçilər üçün bağlı olsa da, bu mədəniyyət ocaqlarını onlayn ziyarət etmək imkanı yaradılır.

Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi muzey müəssisələri tərəfindən də sosial şəbəkələr vasitəsilə virtual səyahətlər təşkil olunur. Növbəti belə ekskursiyalardan biri Mirzə Fətəli Axundzadənin Şəkidəki ev-muzeyində reallaşıb.

Muzeyin əməkdaşı Kəmalə Ağayevanın bələdçiliyi ilə canlı ekskursiya zamanı izləyicilər mütəfəkkir ədibin həyat və yaradıcılığı barədə məlumat almaqla yanaşı, muzeydə sərgilənən eksponatlarla tanış olublar.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən xüsusi karantin rejimi günlərində sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən yardımlar davam etdirilir. Regional idarənin tabe müəssisələri tərəfindən aztəminatlı ailələr və tənha yaşayan insanlar ziyarət olunub. Görüş zamanı ailələrin qayğıları ilə maraqlanan əməkdaşlar onlara ərzaq yardımı göstərib, yaşlı insanlarla maarifləndirici söhbət aparıblar.

Nurəddin MƏMMƏDLİ