Karantin dövründə yerlərdə mədəni həyat
Ulu öndər Heydər Əliyevin doğum günü hər il ölkəmizin mədəniyyət ocaqlarında rəngarəng tədbirlərlə – sərgilər, müsabiqələr, konfranslar, təqdimatlarla qeyd olunurdu. Bu il koronavirus pandemiyası və sosial izolyasiya səbəbindən əlamətdar günlə bağlı tədbirlər virtual formatda keçirilib.
Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Mədəniyyət Mərkəzi, Mərkəzi kitabxana və İncəsənət məktəbinin təşkilatçılığı ilə ümummilli liderin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual “İstedad” baxış-müsabiqəsi təşkil edilib. Bədii qiraət, mahnı, rəqs, rəsm və tətbiqi sənət nominasiyaları üzrə keçirilən müsabiqənin məqsədi istedadlı uşaq və gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.
Müsabiqədə aprelin 20-dən 25-dək qeydiyyatdan keçmiş 8-30 yaş arası 85 nəfər uşaq, yeniyetmə və gənc iştirak edib. İştirakçıların təqdim etdikləri şeir, musiqi, rəqs, rəsm və tətbiqi sənət işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib, bütün nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib.
***
Mayın 10-da Masallı Regional Mədəniyyət İdarəsi və Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli liderin anadan olmasının 97-ci ildönümünə həsr olunan virtual konsert proqramı keçirilib.
Mərkəzin zalında keçirilən konsertdə xanəndələr Atamoğlan Zahid, Miriş Hüseynov, Şamo İbayev və Ruslan Zahidovun ifasında Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Aygün Səmədzadə və başqa bəstəkarların əsərləri səslənib. Musiqiçiləri mərkəzin “Masallı” instrumental ansamblı müşayiət edib. Konsert sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.
Masallı Regional Mədəniyyət İdarəsi və tabe müəssisələrin iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş virtual “Yaz festivalı” da təşkil olunub. Bədii qiraət, rəsm işləri və solo musiqi ifaları üzrə keçirilən festivalda regionun mədəniyyət müəssisələrinin işçiləri ilə yanaşı, yerli sakinlər də maraqlı təqdimatlarla iştirak ediblər. Festivala qarşıdakı günlərdə yekun vurulacaq.
***
İsmayıllı Regional Mədəniyyət İdarəsi pandemiya dövründə fəaliyyətini virtual formada davam etdirir. Regional idarə üzrə növbəti videokonfransda bu barədə söhbət açılıb. Bildirilib ki, xüsusi karantin rejimi günlərində musiqi məktəblərində onlayn dərslər, konsertlər keçirilib. Tabe rayonlarda yerləşən muzeylər, kitabxanalar, mədəniyyət mərkəzləri tərəfindən mədəniyyət sərvətlərimizi təbliğ edən videoçarxlar hazırlanıb. Eləcə də aztəminatlı və 65 yaşdan yuxarı tənha, ahıl insanlara idarə tərəfindən yardımlar edilib. Sosial şəbəkələr üzərindən fəaliyyət daha da genişləndirilib, elektron xidmətlərin əhatəsi və səviyyəsi yüksəldilib.
Mədəniyyət Nazirliyinin “Facebook” üzərindən elan etdiyi “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulan regional idarə yaradıcılıq müsabiqəsi keçirib. Eyni zamanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Yaradıcılığına inan” adlı dekorativ-tətbiqi sənət və rəsm, “Heydər Əliyev uşaqların gözü ilə” mövzusunda inşa, “Heydər Əliyev və Azərbaycan” adlı şeir müsabiqələri keçirilib. Eləcə də alman faşizmi üzərində qələbənin 75 illiyi ilə əlaqədar əl işləri, “Qələbə bizimlədir”, “75 illik qələbə” mövzularında rəsm müsabiqələri, eyni zamanda 2016-cı ilin Aprel döyüşlərinə həsr olunmuş rəsm üzrə onlayn müsabiqələr təşkil olunub. Onlayn səsvermə yolu ilə seçilən qaliblərə isə karantin rejimi bitdikdən sonra fəxri fərman və diplomlar təqdim olunacaq.
***
Şəki Regional Mədəniyyət İdarəsinin Şəki şəhər Uşaq incəsənət məktəbində “Böyük Vətən müharibəsində qələbənin 75 illiyi uşaqların gözü ilə” adlı onlayn rəsm müsabiqəsi keçirilib. Məktəbdaxili təşkil olunan müsabiqədə rəssamlıq şöbəsinin şagirdləri quaş, akvarel, sulu boya, pastel, mar karandaşla çəkdikləri “Qələbəyə doğru”, “Qızğın döyüş”, “Acı xəbər”, “Həzi Aslanov”, “Kəndin müdafiəsi”, “Döyüş”, “Əhmədiyyə Cəbrayılov” və s. əsərlərini təqdim ediblər. Müsabiqənin seçim turunda qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək və I, II və III yeri tutmuş şagirdlər fəxri fərmanla mükafatlandırılacaq.
9 May – Qələbə Günü münasibətilə Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyi adından 1941-1945-ci illər müharibəsinin iştirakçıları evlərində ziyarət olunub, onlara bayram sovqatı çatdırılıb. Regional idarənin rəisi Mirvari Zeynalova, Şəki 2 nömrəli Musiqi məktəbinin direktoru Tərlan Məmmədov müharibə iştirakçılarını faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə təbrik edib, müharibə illərində xalqımızın oğul və qızlarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Vurğulanıb ki, dövlətimiz tərəfindən müharibə veteranlarına daim yüksək diqqət və qayğı göstərilir.
Müharibə veteranları Müzəffər Cabbarov, Hacı Babayev, Zahid Paşayev, Şahverdi Əhmədov və Süleyman Tağıyev çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Musiqi məktəbi şagirdlərinin ifasında saz havaları, şeirlər və müharibəyə həsr olunan mahnılar veteranlara xoş əhval-ruhiyyə bəxş edib.
Nurəddin MƏMMƏDLİ