Kitabxana yaşından, vəzifəsindən asılı olmayaraq hər bir insan üçün müqəddəs bir yerdir. Kitab uşağın da, böyüyün də, gəncin də, yaşlının da ən yaxın dostu, həmdəmidir. Duyğularımın dili ilə danışsam, düşünürəm ki, kitab yeganə vasitəçidir ki, həyatda heç kim, heç vaxt ondan xəyanət görməyib və görə də bilməz.

Kitabla dostluq insana xeyirdən, ucalıqdan başqa heç nə gətirməyib. İnsan həyatının əsasını təşkil edən, özü cansız olsa da, ən canlı bir vasitəçi rolu oynayan kitablar insanın dünyagörüşünü zənginləşdirir, insanda mənfi nə cəhət varsa onun aradan qaldırılmasında vasitəçi rolunu oynayır.

Kitabların ən əvəzsiz xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, o səndən heç vaxt bezmir, ona nə qədər yaxın olursansa, bir o qədər ondan yararlanırsan, bir o qədər onun qüvvəsindən, gücündən bəhrələnirsən. Yetər ki, onun dəyərini, əvəzsiz qiymətini dəyərləndirməyi və ondan dürüst istifadə etməyi bacarasan.

Kitabxanaçılar üçün isə kitabxana əvəzsiz bir məkandır. Biz uşaqkən bu kitabxanalardan aldığımız nağılları oxuya-oxuya böyüdük. Tələbəlik illərində də kitabxanadan istifadə edə-edə təhsil aldıq. Universitetdə Kitabxanaçılıq fakültəsinin müəllimləri kitabxanaların cəmiyyətdəki rolunu öyrətdi bizə. Daha sonra isə ömrümüzü, həyatımızı bağladıq kitabxanaya. Demək bu kitabxanamızın kitablardan tutmuş hər bir avadanlığı bizim uşaqlıqda necə böyüməyimizi, gəncliyimizi, tələbəliyimizi, indi isə yavaş-yavaş yaşlanmağımızı görür. Bu kitabxana bizim həm xoşbəxt və həm də kədərli anlarımızın şahidi olub. Hər zamanda bizi öz qoynuna alaraq büdrəməyə, sınmağa qoymayıb. Hər bir kitabxana işçisinə alnına yazıldığı ömür yolunda irəli addımlaması üçün təkan verib, dəstək olub.

Yenə duyğularımın dili ilə düşünərək bunu demək istəyirəm ki, kitabxananı hamı sevir. Amma kitabxanaçı bu məbədgaha var gücü, ürəyi, həyatı qədər bağlıdır və özünü ondan kənarda heç cür hiss edə bilməz.

Kitabxanaçılar həm təbliğatçılar, həm də müəllimlərdir. Oxucularımız ali məktəblərə qəbul olunanda və ya bir vəzifəyə seçiləndə ürəyimiz böyüyüb dağ boyda olur. Qürurlanırıq ki, kitabxanamızın fəal oxucusu olan bu insanın zəhməti hədər getmədi, istədiyi savada sahib ola bildi. Həmin insanın xəbəri olmadan belə min dəfə Tanrıya şükür edirik. Ona görə də təkcə kitabxanaçılar yox, bütün insanlar üçün kitabxana müqəddəs bir yer olmalı, onun dəyərini hər kəs bilməlidir. Bu kitablar xəzinəsini qoruyub gələcək nəsillərə ötürmək isə hər birimizin qarşısında duran ümdə vəzifədir. Bu elə bir xəzinədir ki, ondan qarşılıq ummadan hər kəs pay götürə bilər, öz sabahı üçün, öz gələcəyi üçün...

Məryəm ƏLİYEVA
Kürdəmir rayon MKS-nin baş biblioqrafı