Koronavirus pandemiyasına görə dünyada muzeylərin 90 faizi öz qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qalıb. Bununla belə, pandemiyadan sonra da muzeylərin bir qismi – təxminən 13 faizi açılmaya bilər. Bu barədə UNESCO-nun saytı məlumat yayıb.

“Cəmiyyətin möhkəmliyini təmin etməkdə muzeylər böyük rol oynayır. Biz onlara böhrandan çıxmağa, auditoriya ilə ünsiyyətini davam etdirməyə köməklik göstərməliyik”, - deyə təşkilatın baş direktoru Odre Azule bildirib.

Məlumatda qeyd olunub ki, pandemiyanın müxtəlif dövrlərində dünya üzrə  85 mindən çox muzey öz fəaliyyətini dayandırmalı olub. Afrika və inkişafda olan ölkələr öz kontentinin yalnız 5 faizini onlayn formatda nümayiş etdirə bilib. “Pandemiya bizə həm də dünya cəmiyyətinin, demək olar ki, yarısının internetə girişə malik olduğunu göstərdi. Biz hər kəs üçün, xüsusilə də təcrid olunmuşlar arasında mədəniyyətin təbliği istiqamətində işlər görməliyik”, - deyə Odre Azule əlavə edib.

UNESCO və Beynəlxalq Muzeylər Şurasının (İCOM) birgə tədqiqatları nəticəsində məlum olub ki, öz ziyarətçilərini itirən mədəniyyət ocaqları gəlirlərin azalması təhlükəsi ilə üzləşə bilər. Nəticə etibarilə bu sektorda çalışan insanlar əziyyət çəkəcək.

İCOM-un prezidenti Suay Aksoy bildirib ki, muzey sənayesi dövlətin və özəl strukturların dəstəyi olmadan mövcud ola bilməz: “Bu mədəniyyət ocaqlarına yardım etmək üçün vəsait axınını təmin etmək və mütəxəssisləri qorumaq vacibdir”.

İLONA