Onlayn müsabiqələr, konsertlər, sərgilər...

Koronavirus pandemiyası səbəbindən ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi günlərində regionların mədəniyyət ocaqları və bədii təhsil müəssisələri fəaliyyətini virtual şəkildə davam etdirir.

Bu müddət ərzində Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon Uşaq incəsənət məktəbinin pedaqoji kollektivi distant dərsləri davam etdirib, onlayn müsabiqələr həyata keçirilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı “Yaşa mənim xalqım” adlı mahnı və alman faşizmi üzərində qələbənin 75 illiyinə həsr olunmuş “Dünyamızı qoruyaq” mövzusunda rəsm müsabiqələri də bu qəbildəndir. Münsiflərin qərarına əsasən, məktəbin şagirdlərindən Dilqəm Hafizli, Amalya Qaracayeva, Limon Məmmədova, Elvin Mirzəyev, Nəzrin Musazadə, Türkan Qönçəzadə və Aysu Məmmədzadə müsabiqələrin qalibi olublar.

Məktəbin rəhbərliyi tərəfindən qaliblər diplom, dərslərin təşkilində yüksək fəallıq göstərən müəllimlərdən İlahə İskəndərova, Hümmət Əliyev, Səadət Mahalova və Gülnarə Həsilova təşəkkürnamələrlə mükafatlandırılıb.

***

Ağcabədi Rayon Gənclər və İdman İdarəsi, Ağcabədi Regional Mədəniyyət İdarəsi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Unudulmaz lider” mövzusunda virtual bədii qiraət müsabiqəsi başa çatıb. Müsabiqə ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr olunmuşdu.  Heydər Əliyev Mərkəzində təşkil olunan qaliblərin mükafatlandırma mərasimində öncə ulu öndərin ömür yolundan bəhs edən və mərkəzin hazırladığı sənədli film nümayiş etdirilib.

Mərkəzin direktoru Məhsəti Musa çıxış edərək mədəniyyət ocağı tərəfindən Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən virtual tədbirlər haqqında ətraflı məlumat verib. Bildirib ki, mərkəzin əməkdaşları tərəfindən böyük siyasətçinin zəngin həyat və fəaliyyətindən bəhs edən müxtəlif mövzulu videoçarxlar hazırlanıb, onlayn seminarlar keçirilib, virtual ekskursiyalar və sərgilər təşkil edilib. Virtual bədii qiraət müsabiqəsi iştirakçıların göndərdikləri videolar əsasında gerçəkləşib.

Rayon Gənclər və idman idarəsinin əməkdaşı Zaur Turabov müsabiqədə 6-29 yaş arası 24 uşaq və gəncin iştirak etdiyini deyib.

Sonra qaliblərin adları elan olunub. Münsiflər heyətinin qərarı ilə Elgün Quliyev I yer, Heydər Məmmədov II yer, Vahid Məmmədli isə III yerə layiq görülüb.

***

Masallı rayon Mərkəzi Kitabxanası “Evdə qal, evdə yarat!” aksiyasına qoşularaq oxuculara onlayn xidmətlərini davam etdirir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü, Şuşanın işğalı, Böyük Vətən müharibəsində qələbənin 75 illiyi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110, unudulmaz aktrisa Leyla Bədirbəylinin 100 illikləri ilə əlaqədar onlayn tədbirlər keçirilib.

Kitabxananın əməkdaşları həmçinin narkomaniya və uşaq ədəbiyyatı haqqında videoçarxlar hazırlayaraq sosial şəbəkələr üzərindən nümayiş etdiriblər. Bundan əlavə, oxucuların elektron kitablarla təminatı da diqqətdə saxlanılıb.

***

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi Muzeylər günü münasibətilə öz ekspozisiyasına virtual ekskursiya təşkil edib. İzləyicilər mərkəzin “Facebook” səhifəsi üzərindən zallarda nümayiş olunan foto və sənədlərlə 360 və 180 dərəcə altında virtual şəkildə tanış olmaq imkanı qazanıblar.

***

18 may – Beynəlxalq Muzeylər Günü bölgələrdəki muzeylərdə virtual layihələrlə qeyd olunub. Əlamətdar gün münasibətilə Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi kollektivinin təşkilatçılığı ilə onlayn sərgi və konsert təşkil edilib.

Muzey eksponatlarının nümayiş olunduğu virtual sərgi və canlı konsert proqramı muzeyin “Facebook” səhifəsi vasitəsilə yayımlanıb, izləyicilər tərəfindən maraqla qarşılanıb.

***

Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Folklorumuzun keçmişi və bu günü” adlı virtual tədbir keçirilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva əvvəlcə Masallı folklorunun zənginlikləri haqqında ətraflı məlumat verib. Sonra rayonun “Halay” folklor kollektivi çıxış edib. Kollektiv tərəfindən təqdim olunan xalq yaradıcılığı nümunələri sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

***

Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə Böyük Vətən müharibəsi veteranı, İsmayıllı rayon Tircan kənd sakini 96 yaşlı Babakişi Fətullayev evində ziyarət olunub. Mədəniyyət  İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin təşəbbüsü, rayon Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sistemi əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə dövlətimizin müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan söz açılıb, veterana sovqat təqdim olunub. B.Fətullayev döyüş xatirələrindən bəhs edib, qayğıya görə minnətdarlığını bildirib.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 28-ci ildönümünə (18 may) həsr olunmuş onlayn tədbir keçirib.

İdarənin rəisi Vüqar Qədirov Laçının işğalından bəhs edib.

Bildirilib ki, Laçın rayonu mühüm hərbi-strateji əhəmiyyətə malik idi və 28 il əvvəl bu bölgəmizin düşmən tərəfindən zəbt olunması ilə Qarabağdakı digər torpaqlarımızın işğalı genişləndi.

İşğalçı Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır.

Daha sonra Qazax Dövlət Rəsm Qalereyasının Laçın həsrətini əks etdirən rəsm, Ağstafa rayon MKS-nin təşkil etdiyi kitab sərgilərinə virtual baxış keçirilib.

Tədbir mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Nurəddin MƏMMƏDLİ