102 il öncə müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda qurulması təkcə bizim xalqımız üçün qürurverici hadisə deyil, eyni zamanda bütün türk dünyası üçün əlamətdar tarixi faktdır. Azərbaycanın bu şanlı günü hər il qardaş Türkiyədə də müxtəlif səviyyələrdə qeyd edilir.
Bu il də Türkiyə ictimaiyyəti, o cümlədən ölkənin aparıcı kütləvi informasiya vasitələri Azərbaycanın müstəqillik bayramının sevincini – Xalq Cümhuriyyətinin 102 yaşını ortaq dəyər kimi bölüşüb.
Anadolu və İHA agentlikləri, “TRT Haber”, “TRT Avaz”, “Bengü Türk” televiziya kanalları, eləcə də “Milliyyet”, “Akşam”, “Sabah”, Hürriyyet” və digər aparıcı qəzetlər, rəsmi və ictimai xəbər portalları Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi yol, Cümhuriyyətin qurucuları haqqında fikirlər və digər məqamlara yer ayırıblar.
Bundan başqa, görkəmli ziyalılar və alimlər, köşə yazarları Türkiyənin mediasında Cümhuriyyətimizlə bağlı məqalələrlə çıxış ediblər.
“Bengü Türk” televiziyasında həmyerlimiz Səidə Ömərin təqdimatında bir ildən çoxdur Azərbaycan həqiqətləri ilə ekranlara gələn “Azərbaycan rüzgarı” proqramı da bu dəfə Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunub. Proqramda əvvəlcə böyük şair Əmin Amid Gültəkinin məşhur misraları (Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa-yaşa, çox yaşa, ey şanlı Azərbaycan!) Yaxın Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin dilindən səsləndirilib.
Sonra Azərbaycanın Dövlət himni səslənib. Azərbaycanın müstəqillik və inkişaf yolunu əks etdirən qısa videoçarx nümayiş olunub. Proqramda aparıcı tərəfindən Azərbaycanın və türk dünyasının böyük ədibləri – Əhməd Cavad, Bəxtiyar Vahabzadə, Cəfər Cabbarlının şeirləri ifa edilib.
Hər həftə bazar günü ekrana gələn “Azərbaycan rüzgarı” proqramı bu dəfə xüsusi olaraq 28 mayda saat 20:30-da yayımlanıb. Bayram proqramında Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin birinci müavini, İstanbuldan millət vəkili İzzət Ülvi Yöntər, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan millət vəkili Şamil Ayrım, MHP İstanbul millət vəkili Arzu Ərdəm, Türkiyənin Azərbaycandakı sabiq səfiri, Azərbaycanla sıx dostluq əlaqələrini bu gün də davam etdirən diplomat Hulusi Kılıç Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ürək sözlərini, düşüncələrini paylaşıb, təbrik mesajları ünvanlayıblar.
Proqramda eyni zamanda Türkiyənin məşhur sənətçilərinin də təbrik mesajları yer alıb.
Azərbaycan musiqiləri və rəqsləri ilə davam edən proqram Türkiyə-Azərbaycan qardaşlığı və birliyinin əbədi olmasını arzulayan sözlərlə bitib.
Mehparə SULTANOVA
Ankara