Şəki Regional Mədəniyyət İdarəsinin Zaqatala rayon Heydər Əliyev Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı (1 iyun) “Uşaqlar bizim gələcəyimizdir” adlı aksiya təşkil olunub. Mərkəzin əməkdaşları  tərəfindən rayonun mədəniyyət və istirahət parkında klounların iştirakı ilə uşaqlara hədiyyələr paylanılıb. Daha sonra əməkdaşlardan ibarət kiçik qrup azyaşlı uşaqları olan aztəminatlı ailələrin qonağı olub, onları bayram sovqatı ilə sevindiriblər.

Sonra mərkəzin tədqiqat qrupunun və fond satınalma komissiyasının fəaliyyəti, 15 İyun – Milli Qurtuluş Günü və digər əlamətdar günlərlə əlaqədar olaraq həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Xüsusi karantin dövründə icrası mümkün olmayan digər işlərin isə növbəti aylarda həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

***

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Dünyanı uşaqlara verək!” adlı sərgi təşkil edilib, “Xoşbəxt olsun uşaqlar!” adlı videoçarx hazırlanaraq sosial şəbəkələrdə paylaşılıb.

Mərkəzin təşkilatçılığı ilə müxtəlif bölgələrdən olan uşaqların iştirakı ilə “Uşaqlar bizim sabahımızdır” adlı videokonfrans da keçirilib. Əməkdaşlar Rövşanə Əliyeva, Cavid İsmayılov, Səbinə Nəsirova çıxış edərək balacaları təbrik ediblər. Sonda uşaqlardan Banuçiçək Qarayeva, Toğrul Hüseynov, Balabəy Məlikov, Lətifə Zeynallı həmyaşıdlarına öz təbriklərini şeir və mahnılarla çatdırıblar.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi isə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə valideyn himayəsindən məhrum olmuş körpələr üçün Qadın və uşaq sığınma evində kimsəsiz və qayğıya ehtiyacı olan uşaqlara ərzaq yardımı edib.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Heydər Əliyev Mərkəzində xüsusi karantin dövründə həyata keçirilən virtual tədbirlər və qarşıda duran vəzifələrə dair şura iclası keçirilib.

İclasda mərkəzin direktoru Məhsəti Ağayeva çıxış edərək bildirib ki, pandemiya dövründə mədəniyyət ocağı öz fəaliyyətini virtual formatda davam etdirib. Müxtəlif tədbirlər keçirilib, videoçarxlar hazırlanıb, videokonfranslar, onlayn dərs və müsabiqələr təşkil olunub.

***

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən  Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbi və Qobustan rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Respublika Gününə (28 May) həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Müsabiqə iştirakçılarının əl işləri komissiya tərəfindən qiymətləndirilib və qaliblər seçilib. Qaliblər Firuzə Mirzəliyeva, Züleyxa Başatova, Mirkamil Hüseynzadə, Rəna Adıgözəlli, Ülkər Nəhmətova, Gülsarə Dəmirova, Şükriyyə Təhməzova İncəsənət məktəbinin fəxri fərmanı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qobustan rayon komitəsinin hədiyyələri ilə təltif olunublar.

***

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) filiallarının təşkilatçılığı ilə rayon sakinlərinə səyyar kitabxana xidməti göstərilib. Qoruqbağı və Gəndəbil kənd kitabxana filiallarının əməkdaşları evlərdə kitabxana xidməti göstərərək kitablar və müəlliflər haqqında sakinlərə ətraflı məlumat veriblər. Mərkəzi kitabxananın əməkdaşları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə evdə uşaqlar üçün “mütaliə saatı” təşkil edib, onlara nağıllar oxuyublar.

***

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara şəhər Uşaq musiqi məktəbinin VII sinif şagirdi Aysu Mustafazadə Moskvada keçirilən pianoçuların Vladimir Kraynev adına III onlayn beynəlxalq müsabiqəsində iştirak edib. Aysunun uğurlu çıxışı qiymətləndirilərək 2021-ci ilin mart ayında keçiriləcək pianoçuların Vladimir Kraynev adına IV beynəlxalq müsabiqəsinin birbaşa ikinci mərhələsinə qatılmaq üçün dəvət alıb.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Kətəlparaq kənd Uşaq musiqi məktəbinin əməkdaşları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn canlı konsert proqramı təşkil ediblər. Rayon sakinlərinin böyük marağına səbəb olan konsert proqramı “Facebook” sosial şəbəkəsi vasitəsilə canlı yayımlanıb.

***

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Üç alov” adlı uşaq və gənclərin onlayn beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına yekun vurulub. Festivala bölgələrdə fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri də qatılıb.

Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Hüseyn Arif adına Ağstafa şəhər Uşaq musiqi məktəbinin müəllimi Günəş Musayevanın bədii rəhbəri olduğu “Günəş” vokal kvarteti musiqisi C.Cahangirova məxsus “Qarabağ” mahnısı ilə 12-14 yaş vokal qrup nominasiyası üzrə ikinci yerə layiq görülüb.

Nurəddin MƏMMƏDLİ