Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq olunan karantin rejimi dövründə mədəniyyət müəssisələrində müxtəlif maarifləndirici tədbirlər davam etdirilir.
Sabirabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən insanların bu xəstəlikdən qorunması ilə bağlı maarifləndirici aksiya keçirilib. Sakinlərə virus əleyhinə hazırlanmış broşürlər paylanılıb, hədiyyələr təqdim edilib.
***
İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və paytaxtın Yasamal rayon MKS-nin birgə təşkilatçılığı ilə “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda onlayn elmi konfrans təşkil edilib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə keçirilib.
Konfransın moderatorları Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova və İsmayıllı rayon MKS-nin direktoru Könül Baxışova konfrans iştirakçılarını salamlayaraq onları tədbirin proqramı ilə tanış ediblər.
Sonra Cümhuriyyət dövründə ayrı-ayrı fəaliyyət istiqamətləri ilə bağlı məruzələr dinlənilib, şeirlər səsləndirilib.
***
İyunun 5-də Şəki Heydər Əliyev Mərkəzinin, Ombudsmanın Şəki Regional Mərkəzi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev fenomeni və Azərbaycanda insan hüquqları” mövzusunda videokonfrans keçirilib.
“İnsan hüquqları aylığı” (18 may-18 iyun) çərçivəsində gerçəkləşən konfransı Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov açaraq tədbirin əhəmiyyətindən danışıb.
Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli konstitusiyamız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın əsası qoyulub.
Gənclər və İdman idarəsinin rəisi Daşqın Mikayılov, Heydər Əliyev Mərkəzinin bələdçisi Xumar Musayeva insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində ölkəmizdə aparılan işlərdən söhbət açıblar. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, həmçinin insan hüquq və azadlıqlarının təmini sahəsində tədbirlərdən bəhs olunub.
***
“İnsan hüquqları aylığı” çərçivəsində daha bir onlayn tədbir Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax, Ağstafa və Tovuz rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilib. “Heydər Əliyev və insan hüquqları” mövzusunda tədbirdə mərkəzlərin əməkdaşları, könüllülər iştirak ediblər.
Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açaraq insan hüquqları haqqında məlumat verib. Bildirib ki, insan hüquqları ideyası 1948-ci ildə BMT-nin Dünya insan hüquqları Bəyannaməsində öz əksini tapıb.
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Qazax rayon Heydər Əliyev Mərkəzinin könüllüsü Fəridə Rəhimli çıxış edərək insan hüquqları sahəsində görülmüş işlərdən, insan və vətəndaş hüquqlarının təmin edilməsi sahəsində qəbul edilmiş sənədlərdən danışıblar.
***
İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü (1 iyun) münasibətilə keçirdiyi “Mən də bacarıram” mövzusunda onlayn yaradıcılıq müsabiqəsinə yekun vurulub.
Regional idarənin mətbuat katibi Aysu Nəcəfli bildirib ki, yaradıcılıq müsabiqəsində 50 nəfərə yaxın məktəbəqədər və ibtidai sinif şagirdi iştirak edib. Onlar öz bacarıq və istedadlarını nümayiş etdirərək müsabiqəyə rəsm, tikiş və müxtəlif fiqurlardan ibarət əl işlərini göndəriblər.
Müsabiqənin şərtlərinə əsasən, Aylin İsmayılova birinci yerə, Nuray Ağayeva və Nəzrin İsmayılova ikinci yerə, Damla Ağayeva və Zümrüd Nağızadə III yerə layiq görülüblər.
Mükafatlandırma mərasimi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və metodiki göstərişlərə uyğun həyata keçirilib.
***
Bərdə Regional Mədəniyyət İdarəsinin Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın sanitar-epidemioloji tələblərinə əməl edilib.
Muzeyin əməkdaşı ziyarətçilərə mədəniyyət ocağı haqqında ətraflı məlumat verərək onları ekspozisiya ilə tanış edib.
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Mingəçevir şəhər MKS-nin M.F.Axundzadə adına 12 nömrəli kitabxana filialının əməkdaşları isə 5 iyun – Dünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə “Təbiəti qoru, gələcəyi qoru” başlıqlı videoçarx hazırlayıblar.
Nurəddin MƏMMƏDLİ